“Yəqin, hər kəs anlayar ki, çempionatda uğur qazanmaq üçün bu gün daha çox tər tökməliyik”.
Sportnet.az xəbər verir ki, bu sözləri Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışını davam etdirən “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev klubun rəsmi saytına açıqlamasında deyib.
Hazırlıqla bağlı ümumi məlumat verən mütəxəssis məşqlərin plan üzrə davam etdiyini bildirib: “Nəzərdə tutduğumuz kimi, futbolçular gün ərzində iki məşq keçirlər. Səhər hazırlığı zamanı fiziki, axşam çalışmasında isə taktiki-texniki təmrinlər yerinə yetirilir”.
Çalışdırıcı komandanın düşərgəsinə Türkiyədə qoşulan yeni transferlər - Benni və Felipe Santosla bağlı da danışıb: “Hər iki futbolçu digər oyunçular kimi fiziki yükləmələri alırlar. Durumları qənaətbəxşdir. Bir neçə gündən sonra kollektiv məşqlərə qoşulacaqlar. Onların komandamıza faydalı olacaqlarına inanırıq”.
E.Baxşıyev zədə və ya hansısa səbəbdən kənarda qalan futbolçunun olub-olmadığına da aydınlıq gətirib: “Zədə üzündən Ramin Nəsirli bizə qoşula bilmədi. O, Bakıda keçirdiyimiz yoxlama matçında zədələndi. Buna görə də komanda ilə birgə Ərzuruma gəlmədi. Qalan futbolçular tam gücləri ilə hazırlıq keçirlər”.
Qeyd edək ki, hazırlıq çərçivəsində “Araz-Naxçıvan” iyulun 16-da Türkiyənin “Alanyaspor” klubu ilə yoxlama matçı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. Bundan sonra daha 2 matçda gücünü sınayacaq “qırmızı-ağlar” iyulun 25-də Bakıya dönəcək.