
Futzal üzrə UEFA Çempionlar Liqasında iştirak edəcək “Araz-Naxçıvan”ın mübarizə aparacağı 5-ci qrupda yer alacaq komandalardan daha biri müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, ilkin seçmə mərhələdə F qrupunun qalibi olan “Orebro” bu hüququ qazanıb.
İsveç çempionu ilk oyunda Gürcüstanın “Georgians” klubunu 5:3, növbəti dueldə isə Türkiyənin “İstanbul Şişli” komandasını 10:3 hesabı ilə yenib. Son oyunda Almaniya çempionu “Stutqartı” 2:1 hesabı ilə üstələyən İsveç çempionu əsas mərhələyə yüksəlib.
Əsas mərhələdə “Araz-Naxçıvan” Bosniya və Herseqovinanın “Mostar”, eləcə də İsveçin “Orebro” komandası ilə qarşılaşacaq. Daha bir rəqib isə sabahkı oyunlardan sonra müəyyənləşəcək. D qrupunun qalibi bu hüququ əldə edəcək. “Minerva” (İsveçrə) və “Loznika Qrad” (Serbiya) hər iki oyundan maksimum xalla ayrılıb. Qalibin adı sabah bu komandalar arasında keçiriləcək görüşdə müəyyənləşəcək. Serbiya təmsilçisinə heç-heçə də sərf edəcək.
Qeyd edək ki, bu qrupun oyunları 25 - 30 oktyabr tarixlərində Bosniya və Herseqovinada olacaq.