“Zədəlilərdən kimlərin oynaya biləcəyi hələ məlum deyil. Oyun ərəfəsində bu müəyyənləşəcək. Atmosferi korlayan da bu məqamdır”.
Sportnet.az xəbər verir ki, bu sözləri futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində sabah İsveç çempionu “Orebro” klubu ilə qarşılaşacaq “Araz-Naxçıvan”ın oyunçusu Ramiz Çovdarov deyib.
Futzalçı məşqlərə başladığını və komandanın Mostardakı hazırlıq prosesinə də qoşulduğunu bildirib: “Amma tam hazır olduğumu deyə bilmərəm. Zədəm tam sağalmayıb. Çalışacam oyunlarda komandama kömək edim, lakin bu matçlarda iştirak etmək mənim üçün bir qədər riskli ola bilər. Yenə deyirəm, zədəm tamamilə sağalmayıb, hər an nəsə ola bilər. Baş məşqçi vəziyyəti bilir, meydana nə vaxt daxil olacağımla, neçə dəqiqə oynayacağımla bağlı o qərar verəcək”.
Çovdarov qeyd edib ki, “Araz-Naxçıvan” oyunlara mümkün qədər yaxşı hazırlaşmağa çalışır: “Ancaq zədəli oyunçuların olması işimizi axsadır. Mən də daxil olmaqla 4 futzalçı zədəlidir. İstənilən halda, mübarizə aparacağıq. Əlbəttə, məqsədimiz növbəti mərhələyə yüksəlməkdir”.
Milli komandanın da üzvü olan futzalçı “Orebro” haqda geniş məlumata malik olmadığını əlavə edib: “Baş məşqçi komandaya rəqibin oyununu göstərib, söhbət edib. Həmin yığıncaqda fizioterapevt yanında olduğuma görə, iştirak edə bilməmişəm. Yəqin ki, oyunöncəsi yenidən bunu edəcək, necə oynamalı olduğumuzu deyəcək. Ancaq kimliyindən asılı olmayaraq, istənilən rəqibə hörmətlə yanaşmalı, gücünü kiçiltməməliyik”.