
Mayın 18-də Azərbaycan millisinin futbolçusu Mahir Emreli Almaniyanın II Bundesliqasında çıxış edən "Nürnberq" komandasında son oyununu keçirib. O, "Ayntraxt Braunşveyq"lə səfər matçında het-trik edərək, komandasının 4:1 hesablı qələbəsində böyük pay sahibi olub.
28 yaşlı hücumçu elə ilk yarıdaca - 10-cu, 20-ci və 45+1-ci dəqiqələrdə fərqlənməyi bacarıb.
Emreli sonuncu dəfə bunu 2021-ci il aprelin 25-də "Qarabağ" komandasının heyətində "Qəbələ" ilə səfər matçında bacarıb.
Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümünə təsadüf edən XXIV tur qarşılaşmasında o, 5:0 hesabı ilə qalib gələn komandasının son 3 qolunun müəllifi olub. Hücumçu poker etmək imkanını uzatma dəqiqələrində penaltini dəqiq yerinə yetirə bilmədiyi üçün qaçırıb.
Həmin vaxt Emreliyə het-trik etmək üçün cəmi 193 saniyə kifayət edib. Bu, Azərbaycan çempionatları tarixində ən sürətli het-trik sayılır.
Lakin dünya futbolunda daha sürətli het-triklər də var.
Bəzən azarkeşlər meydandakı 22 oyunçudan heç olmasa birinin qol vurması üçün 90 dəqiqələrini sərf edirlər. Amma futbol tarixində elə anlar da olur ki, meydanda ağlasığmaz hadisələr baş verir. Oyunçular nadir hallarda het-trik etməyi bacarırlar. Lakin bəzən bunun üçün bir neçə dəqiqə də kifayət edir.
Sportnet.az futbol tarixinin ən sürətli 10 het-trikinin siyahısı tərtib edib:
10. Sadio Mane ("Sauthempton" - "Aston Villa")
Bu an hələ də azarkeşlərin yaddaşında qalmalıdır. Sadio Mane 2015/2016 mövsümündə İngiltərə Premyer Liqasında "Aston Villa" ilə oyunda cəmi 176 saniyəyə het-trik edib. O, üç qol vuraraq komandasının 6:1 hesablı qələbəsini təmin edib və tarixə keçib – Premyer Liqada heç kim Manedən daha sürətli het-trik edə bilməyib. Seneqallı hücumçu "Liverpul"a keçməzdən əvvəl daha bir mövsüm "Sauthempton"da oynayıb. Keçmişə nəzər salsaq, bu matç Manenin karyerasında dönüş nöqtəsi olub. O, het-triklə İngiltərə mediasının gündəminə çevrilib.
9. Yoel Pohyanpalo (HİK – IFK "Mariehamn")
Siyahının növbəti pilləsini 2012-ci ilin yazında Finlandiya çempionatının ilk turunda IFK "Mariehamn"a qarşı oyunda 162 saniyə ərzində het-trik edən Yoel Pohyanpalo tutur. Maraqlıdır ki, həmin vaxt Pohyanpalonun cəmi 17 yaşı var idi. Onun het-triki mükəmməl idi. Finlandiyalı hücumçu qolları başı ilə, sol ayağı ilə və sağ ayağı vurub. İndi Pohyanpalo 31 yaşındadır, O, HİK-dan sonra Almaniya "Bayer"inə gedib, icarə əsasında Almaniyanın müxtəlif klublarına çıxış edib. Daha sonra sonra Türkiyədə də oynayan futbolçu hazırda İtaliyanın "Palermo" klubunun şərəfini qoruyur.
8. İan Sent-Con ("Mazervell" - "Hibernian")
Hələ 1959-cu ildə İan Sent-Con "Hibernian"la matçda 150 saniyəyə het-trik etmişdi. Sent Con Şotlandiya millisində oynayıb və "Liverpul"a keçməmişdən əvvəl klubu "Mazervell"də 100-dək qol vurub. 1961-ci ildə Bill Şenkli onu Mersisayd komandasına dəvət edib və Sent-Con klubla iki liqa titulunu və İngiltərə Futbol Assosiasiyasının Kubokunu qazanaraq yüksək diviziona qayıtmasına yardımçı olub. O, finalda qələbə qolunun müəllifi olub.
7. Ceyms Heyter ("Bornmut" - "Rekshem")
2004-cü ilin fevralında bu iki komanda İngiltərə İkinci Liqasında qarşılaşıb. O zaman "albalılar" 6:0 hesabı ilə qalib gəlib, Heyter 140 saniyəyə üç qol vurmağı bacarıb. 1952-ci ildən bəri İkinci Liqada bu rekordu vurmaq mümkün olmayıb. Maraqlıdır ki, Heyterin valideynləri tarixi anı görə bilməyiblər. Onlar evə tez çatmaq üçün stadionu matç bitməmiş tərk ediblər.
6. Cimmi OKonnor ("Şelburn" - "Bohemians")
Keçmiş irlandiyalı futbolçu Cimmi OKonnor 1967-ci ilin noyabrında "Şelburn"da oynayarkən 133 saniyə ərzində het-trik edib. Bu hadisəni xatırlamaq üçün "Şelburn"un doğma meydanı olan "Tolka Park"da lövhə ucaldılıb. OKonnor liqada 109 oyun keçirərək 26 qol vurub.
5. Əbdül Həmid Bassiuni (Misir - Namibiya)
Əbdül Həmid Bassiuni Misir millisinin heyətində cəmi 3 dəfə fərqlənib. Hər 3 qol 2001-ci ildə dünya çempionatının seçmə mərhələsində rekord müddətdə vurulub. Namibiya ilə qarşılaşmada Bassiuni 117 saniyə ərzində het-trik müəllifi olub, Misir yığması isə 8:2 hesabı ilə qalib gəlib. Bütün karyerasını Misirdə klub səviyyəsində keçirən və ölkəsinin milli komandasında cəmi 14 oyuna çıxan keçmiş futbolçu bu het-trik sayəsində adını tarixə yazdırıb.
4. Eduardo Malioni ("İndependyente" – "Ximnasiya və Esqrima")
Argentinalı Eduardo Malloni 1960-1970-ci illərdə oynayıb və bütün karyerasını ölkəsində keçirib. "İndependyente"nin ulduzuna çevrilən futbolçu 7 titul qazanıb. Sözügedən het-trik 1973-cü ilin martında "Ximnasiya və Esqrima" ilə matçda qeydə alınıb. O, cəmi 111 saniyəyə 3 qol vurub.
3. Tommi Ross ("Ross Kaunti" "Nern"ə qarşı)
Tommi Ross uzun illər ərzində dünyanın ən sürətli het-trik rekorduna sahib olub. Mərhum futbolçu 1964-cü ilin noyabrında "Nern Kaunti"yə qarşı matçda 90 saniyəyə het-trik edib. Ross "Ross Kaunti"də əsl ulduz olub. O, "Piterboro Yunayted", "York Siti" və "Uiqan"da da oynayıb.
2. Maqnus Arvidsson ("Hassleholm" - "Landskruna")
İsveçli Maqnus Arvidsson 89 saniyədə het-trik edərək Rossun rekordunu saniyə fərqli ilə geridə qoyub. Bir müddət o, rəsmi oyunlarda ən sürətli het-trik rekordunun müəllifi olub. Arvidsson həmişə İsveçdə oynayıb və hətta AVRO-2000-nin seçmə mərhələsində iki dəfə ölkəsinin millisinin heyətində meydana çıxıb.
1. Aleks Torr ("Rouson Sprinqs" - "Uinn Qardens")
Onun 70 saniyədə etdiyi het-trik Ginnesin Rekordlar Kitabına düşüb. Torr, 2013-cü ildə "Rouson"un Bazar günü Liqasında "Uinn Qardens" üzərində 7:1 hesabı ilə qalib gəldiyi oyunda 4 qol vurub. Bəli, bu, elit səviyyə deyil, amma rekord - rekorddur. Torrun nailiyyətinin nə vaxtsa üstələnə biləcəyi ağlasığmaz görünür, amma gələcəkdə necə olacağını heç kim bilmir. Ən sürətli het-trik Manenin qolları kimi görünür, çünki bu, Premyer Liqadır, amma belə göstəricilərdə yalnız rəqəmlərə baxırlar.