Futbolla futzalı məcazi mənada qardaş saymaq olar. Biri yaşıl örtüklü böyük meydançada oynayılır, digəri qapalı məkan olan zalda. Futzal böyük qardaşı olan futbolla müqayisədə az maraq kəsb etsə də, Azərbaycanda nəticə baxımından vəziyyət tam fərqlidir. Hər halda, 1992-ci ilə yaranan, artıq 23 yaşı olan milli komandamız nə dünya, nə də Avropa çempionatının seçmə mərhələsinə çıxa bilib. Ancaq Azərbaycan futzal yığması Avropada öz sözünü deyə bilib və təsadüfi deyil ki, ən yüksək reytinqi olan milli komandalardan sayılır. İndiyədək bir neçə dəfə qitə birinciliyinin final mərhələsinin iştirakçısı olan futzal millimiz hətta 4-cü yeri tuta bilib, mükafatların bir addımlığında olub.
Futzal millisinin artıq dünya çempionatının final mərhələsində də Azərbaycanı təmsil edəcəyi ilə öyünə bilərik. Düzdür, bu il Kolumbiyada keçiriləcək həlledici mərhələyə vəsiqəni hələ rəsmiləşdirməmişik. Ancaq bunu sadəcə, rəsmiləşdirmək qalıb. Çünki Hollandiya yığması ilə dünya çempionatının pley-off mərhələsi çərçivəsində səfər matçında 5:1 hesabı ilə qalib gələrək tarix yazan Tino Peresin yetirmələrinin ev oyununda 5 top fərqi ilə uduzaraq mbarizəni dayandıracağı heç inandırıcı deyil. Deməli, aprelin 12-də Bakı İdman Sarayında keçiriləcək cavab görüşü artıq formallığa çevrilib.
Bəli, Azərbaycanın dünya çempionatının final mərhələsinin iştirakçısı olması futbolun kiçik qardaşının sayəsində çin olur. Özü də Hollandiya kimi rəqibi onun meydanında darmadağın etməklə. Bu ölkədə futbol Azərbaycandan qat-qat güclü olduğuna görə bizə yuxarıdan aşağı baxsalar da, futzalda öz ölkələrində acı məğlubiyyətlə barışmalı oldular. "Narıncılar” bu idman növündə səviyyədə böyük fərq olduğuna tablodakı hesabla şahid oldular.
Azərbaycan futzal yığmasının uğura gedən yolu hələ 4 il öncə başlamışdı. Onda pley-off mərhələsində rəqib olan Rusiya yığması bizə çətinliklə qalib gəldi – Bakıda 3:2, Tümendə 2:2. Göründüyü kimi, cütün taleyini 1 qol həll etdi. Həmin vaxt Rusiyadakı cavab matçında çoxsaylı qol imkanlarını boşa verən, bəxti gətirməyən futzal yığmamız ən azı mübarizəni əlavə vaxta apara bilərdi. Bir şeyi də unutmayaq ki, futzal Azərbaycanda yaranıb.
Azərbaycan futbol yığması nadir hallarda Okeanın o tayına yollanıb. Bu, yalnız yoldaşlıq görüşləri üçün olubsa da, indi final mərhələsində iştirak üçün səfər gözləyir. Nəticədə futzal yığması ilk dəfə Amerika qitəsinə yollanacaq. Hələ 90-cı illərdən milli komandanın şərəfini qoruyan, uzun illərdir kapitanı olan Rizvan Fərzəliyev, bir vaxtlar gənc, perspektivli futzalçılardan, hazırda isə veteranlardan sayılan Vitali Borisov və bir sıra yerli oyunçular da tarixi nailiyyətin iştirakçısı olublar.
Sirr deyil ki, Azərbaycan futzal yığmasınun uğurlarında əcnəbi baş məşqçisinin, milliləşdirilən braziliyalı legionerlərinin nə qədər böyük rolu olsa da, azərbaycanlı oyunçuların da xidməti olub. Hər halda, Hollandiyadakı darmadağında son nöqtəni Borisovun qoyması buna bariz nümunədir. Millinin "çərçivə"sini qoruyan, gənc olmasına baxmayaraq artıq özündən söz etdirən Rövşən Hüseynli isə qapımızın etibarlı əllərdə olduğu Hollandiyada da göstərdi. Millinin məşqçilər korpusunda yer alan Hacıbala Abdullayev isə Azərbaycan futzalında ən təcrübəli mütəxəssislərədn sayılır və hələ 90-cı illərdə baş məşqçisi olub. Həmin vaxtdan dünya çempionatının final mərhələsinə düşməyə çalışan futzal yığmamız nəhayət, ən mötəbər turnirin iştirakçısı olur.