"Neftçi” klubunun vitse-prezidenti Tahir Süleymanovun Sportnet.az-a müsahibəsi...
- İlk olaraq ölkə Kubokunun finalı barədə fikirlərinizi öyrənmək istəyərdik...
- Ardıcıl 3-cü dəfə "Neftçi”nin Kubokun finalına yüksəlməsi və 2-ci dəfə fəxri trofeyi başı üzərinə qaldırması bir ilk oldu. Komandamız əzmkar oyun nümayiş etdirdi və matçsonrası penalti zərbələri ilə qələbəni bayram etdi. Baxmayaraq ki, Mahir Şükürov və Araz Abdullayev kimi oyunçularımız bu qarşılaşmada iştirak etmirdilər, "Neftçi” bir daha sübut etdi ki, öz gənclərinə güvənir. Samir Məsimovun bu oyunun start heyətində meydançaya çıxması bunun əyani sübutudur. Sevindiricidir ki, "Neftçi” son 4 mövsümdə 5 trofey qazanıb: 3 qızıl medal və 2 Kubok.
- Sadıq Sadıqovun oyunu tribunadan izləməməsi birmənalı qarşılanmadı...
- Burada qeyri-adi heç nə axtarmaq lazım deyil. Qarşılaşmanı Sadıq müəllimin iş otağında birgə izlədik. Oyundan öncə baş tutan məşqi klub prezidentimiz şəxsən izləmişdi, futbolçulara nizam-intizama riayət etməyi tapşırmışdı. Mövsüm ərzində "Neftçi”yə qarşı edilən haqsızlıqların Kubokun finalında da davam edəcəyini bilirdik. Əliyar Ağayev perspektivli hakimdir, lakin artıq oyunun əvvəlində Nfora qarşı aşkar kobudluğa görə sarı vərəqənin verilməməsi rəqib komandanın oyunçularının qarşısında "yaşıl işıq” yandırdı.
- Belə bir iddia irəli sürülüb ki, "Qəbələ” fanatları oyuna tapşırıqla gəlmişdi...
- Bu, hər bir klubun öz işidi. "Qəbələ” üçün bu qarşılaşma tarixi bir an idi. Komanda ilk dəfə idi ki, Kubokun finalına yüksəlirdi, avrokuboklara ilk dəfədir ki, vəsiqə əldə ediblər. Klub infrastrukturu da kifayət qədər inkişaf edir. Hesab edirəm ki, "Qəbələ” bu görüşə yaxşı təşkilatlanmışdı.
- Yəqin ki, artıq vidalaşacağınız futbolçuların siyahısı böyük ölçüdə məlumdur. "Qara siyahı”ya kimlər düşüb?
- Hazırda müqaviləsi bitən futbolçuların adlarını sadalaya bilərəm. İqor Mitreski, Pavel Doroşev, Bahodir Nasimovla artıq rəsmi bağlılığımız yoxdu. Məlumdur ki, Mitreski karyerasını başa vurur. Digər müqaviləsi bitən oyunçularla bağlı hələ konkret qərar qəbul edilməyib. Anlaşmamız başa çatan futbolçulardan biri də Flavinyo idi. Lakin braziliyalı yarımmüdafiçiylə yeni - 2 illik müqavilə imzalamışıq. Flavinyo özünü sübut etmiş futbolçudur. Onu "Neftçi”də hər şey qane edir və karyerasını Azərbaycanda bitirmək niyyətindədir.
- Culius Vobayın icarə müddəti başa çatıb. Təcrübəli futbolçu yenidən "ağ-qaralar”ın sırasına dönəcək, yoxsa futbolçu bu ili də Azərbaycandan kənarda keçirəcək?
- Vobay "Neftçi”nin futbolçusudur. Azərbaycan klub futbolu tarixində belə bir yüksək məbləğə heç bir əcnəbi futbolçu xarici kluba icarəyə verilməmişdi. İyunun əvvəlində Vobay sıralarımızda olacaq. Culiusla hələ 1 illik müqaviləmiz var. Yarımmüdafiəçi "Neftçi”nin təlim-məşq toplanışında iştirak edəcək. Ancaq yaxşı təkliflər olduğu halda komandamızın qapıları hər bir klubun üzünə açıqdır. Bir misal çəkim: Məgər Arda Turan "Qalatasaray”a lazım deyildi? Lakin "Atletiko”ya keçidinə razılıq verdilər. Çünki bu təklif hər iki kluba fayda verdi. Biz də həmçinin, klubumuza sərf edən təklifləri nəzərdən keçirməyə hazırıq.
- Bəs özünüz necə, klubdakı fəaliyyətinizi davam etdirəcəksinizmi?
- Bir daha qeyd etmək istəyirəm ki, yaxın günlərdə klubdaxili toplantımız olacaq və orada yaxın gələcəyi müzakirə edəcəyik. 5 ilə yaxındır ki, Tahir Süleymanov "Neftçi”nin yeni tarixinin yazılması yönündə çalışır. Azərbaycanda elə şəxslər var ki, 10 ildən yuxarıdır ki, klubda çıalışırlar və heç bir nəticələri yoxdur. Bax bunu müzakirə etmək lazımdır ki, Azərbaycan futbolundan tahir süleymanovlar getməlidiR, yoxsa futboldan ikiəlli yapışan belələri?!
Ceyhun ƏLİYEV
Ceyhun ƏLİYEV