
Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess" superturnirinin iştirakçıları açılış mərasimindən sonra mətbuat konfransı keçirib. Sportnet.az-ın məlumatına görə, şahmatçılar sualları cavablandırıb...
- Soldan sağa baxdıqda ilk yerdə Məmmədyarov, daha sonra Teymur Rəcəbov və Sergey Karyakin əyləşib. Gördüyümüz mənzərə yekun sıralamanı əks etdirəcək?
Şəhriyar Məmmədyarov: Çətin turnir olacaq. Cədvəl oturduğumuz kimi ola bilərmi? Bilmək olmaz. Amma ortadakı (Maqnus Karlseni nəzərdə tutur. Çünki Karlsen sıranın mərkəzində idi) oğlanın 5-ci olmayacağına əminəm. Bizi maraqlı yarış göstərir.
- Son 15-20 illə müqayisədə, şahmat xeyli gəncləşib. Maqnus, bəs sənə hansı gəncin “əlcək atacağı”nı düşünürsən?
Maqnus Karlsen: Verdiyiniz sual geniş məna kəsb edir. Şahmatda gənclər də, yaşlılar da var. Mən də özümü yaşlılara aid edirəm.
- Şəhriyar, İki dəfə bu turnirdə qalib olmusan. Amma bu yarışlarda Maqnus Karlsen iştirak etməyib. Bu dəfə Karlsen iştirakçılar sırasındadı. Tilsimi qıra biləcəksən?
Şəhriyar Məmmədyarov: Maqnus Karlsenin olduğu turnirdə qalib gəlmişəm. Yaxşı turnir keçirmişəm. Onun olduğu turnirlər daha maraqlıdır.
- Şəhriyar və Teymur, son dünya və Avropa çempionatında iştirak etməmisiz. Avropa çempionatını kənara qoysaq, dünya birinciliyində komandaların heyətləri zəif idi. İkinci nömrələr çıxış edirdi. Orda olsaydınız, Azərbaycan millisi mükafatçılar sırasına düşə bilərdi?
Teymur Rəcəbov: Biz bildirmişdik ki, proqramımız çətindir. Ona görə təqvim uyğun deyildi. Növbəti turnirlərdə iştirak etməyə çalışacağıq.
Şəhriyar Məmmədyarov: FİDE proqramı gec açıqladı. Təqvim bizə uyğun gəlmədi. Bir çox ölkələr də əsas heyətlə qatıla bilmədi. Müzakirə etdik ki, gedə bilərik, yoxsa alınmaz. Alınmadı.
- Burdakı şahmatçıların bir çoxu Vüqar Həşimovla qarşılaşıb. Saldonuz maraqlıdır?
Şəhriyar Məmmədyarov: Yəqin ki, burada ən çox Vüqarla mən qarşılaşmışam, çünki həmyaşıd idik. Onunla görüşləri yaxşı xatırlayıram. Biz ilk dəfə 9-10 yaşlarında üz-üzə gəlmişik. Çox maraqlı oyunlar idi. Uşaq vaxtlarında o, daha istedadlı idi və daha çox qalib gəlirdi. Ancaq ümumi balansın bərabər olduğunu düşünürəm.
Sergey Karyakin: Əlbəttə, Vüqar möhtəşəm oyunçu idi. Onunla əksər oyunlarımız heç-heçə başa çatıb.
Aniş Giri: Mən də bir neçə dəfə qarşılaşmışam. Uduzduğum matçlar da olub.
Maqnus Karlsen: Bir neçə dəfə onunla üz-üzə gəlmişəm. Rapid növündə daha çox Vüqar qazanıb, klassik növdə mən çox qalib gəlmişəm. Çox maraqlı şahmatçı idi.
Aleksandr Qrişuk: Vüqar çox maraqlı və aqressiv rəqib idi. Onunla xeyli sayda unudulmaz partiyalarım olub.
Vişvanatan Anand: Vüqarla 2 dəfə rapid, 2 dəfə klassik növdə oynamışam. Maraqlı olub.
Veselin Topalov: Rapid növündə çox qarşılaşmışıq.
David Navara: Vüqar çox güclü oyunçu olub. Bir dəfə ona qalib gəldim, ardınca 6 dəfə uduzdum.
Teymur Rəcəbov: Vüqarla çox oynamışam. Son oyunda qalib gəlsəm də, o hər zaman ağ fiqurlarla təhlükəli idi. Aqressiv idi və qarşısındakına təzyiq edə bilirdi.
- Teymur, ilk turda Karlssenlə qarşılaşacaqsan. Püşk barədə fikirlərin?
Teymur Rəcəbov: Çox məmnunam ki, ilk turda Karlsenlə qarşılaşacağam.
- Sergey, Vüqar Həşimovla yaxın dost idiniz və onunla bağlı əlbəttə ki, bağlı xatirələriniz çoxdur. İndiyə qədər heç vaxt bölüşmədiyiniz hansını bölüşə bilərsiniz?
Sergey Karyakin: Onunla bağlı çox xatirələrimiz var. Bir çoxunu qəlbimdə saxlamaq istəyirəm. Vüqarla Çində dünya çempionatında üz-üzə gəldik. Orada yarış uğursuz idi. Amma bir-birimizlə görüşüb danışırdıq. Onun məsləhətlərindən indi də istifadə edirəm. Bakıda dünya çempionatında qardaşı Sərxan mənə böyük dəstək oldu. 0:2 uduzdurdum, amma onun sayəsində qələbəyə kökləndim.
- Aleksandr, tarix yadımızda olmasa da, Vüqarla aranızda bir partiyanı xatırlatmaq istəyərdik. Debutdə həmyerlimiz fil qurbanı verdi. Daha sonra 4 piyada kompensasiyası aldı və qələbəyə çox yaxın olsa da, partiya heç-heçə bitdi. Həmin görüş yadınızdadırsa, oyun vaxtı keçirdiyiniz hisslər maraqlıdı...
Aleksandr Qrişuk: İnanın, xatırlamıram. Ancaq onunla bağlı bir xatirəni bölüşə bilərəm. “İnanırsan-inanmırsan” kart oyunu oynadırdıq. Dörd nəfər idik, Həşimov da bizimlə idi. Oyunun qaydalırını bilmirdi. Qısa zamanda mənimsədi. Daha sonra elə aqressiv oynayırdı ki, hamımız məəttəl qalmışdıq. Bizi bələd olmadığı kart oyununda da yamancana sıxdı.
- Veselin, çox bikef görünürsünüz. Bu, ötən turnirin sonlarınadək ön sıralarda olsanız da, liderliyi əldən verməyinizdən bağlıdı?
Veselin Topalov: Sadəcə yorğunam.
- Maqnus, hər dəfə Azərbaycana öz aşpazınızı gətirirsiniz. Azərbaycan mətbəxinə etibar etmirsiz?
Maqnus Karlsen: Düşünürəm ki, bu, özümü daha güvəncli hiss etmək üçündür. Xüsusi başqa səbəb yoxdur.
- Püşkatma bir az fərqli idi. Rəqəmlər xanımların qolunda idi. Səhnəyə çıxmazdan öncə seçəcəyiniz xanımları müəyyənləşdirmişdiz, yoxsa gözəlliyə görə seçdiniz?
Aniş Giri: Sevgilim var. Qızlara baxmırdım.
Sergey Karyakin: Mənim üçün daha rahat oldu. Çünki səhnəyə çıxanda 2 qara, 1 ağ rəqəm var idi. Ağı seçdim.
Teymur Rəcəbov: Mən evliyəm. Düşünürəm ki, xanımların hamısı xoşgörünüşlü idi.
Şəhriyar Məmmədyarov: Başa düşmürəm ki, şahmatçıların evli olub-olmamasının püşkatmaya nə dəxli var? Həmişəki kimi səhv intuisiya sayəsində qara fiqurlarla oynayacam. Ümid edirəm ki, gələn il nömrələr kişilərin qolunda olar, ağ fiqurlarla oynayaram.