Azərbaycan millisinin və "Neftçi” klubunun müdafiəçisi Elvin Yunuszadənin Sportnet.az-a açıqlaması
- 21 yaşlı futbolçulardan ibarət Azərbaycan millisi ilk matçda məğlub etdiyi Norveçə bu dəfə uduzdu. Komandanın bir üzvü kimi oyunu necə dəyərləndirərdiniz?
- Rəqib yaxşı futbolçulardan qurulmuş komandadır. Bilirdik ki, çətin olacaq. Fikrimcə, başabaş oyun getdi. Sadəcə, kim qol imkanlarından yaxşı istifadə etdisə, o da qalib gəldi. İlk hissədə bizim də qol imkanlarımız oldu. Şanslardan yaxşı istifadə edə bilsəydik, qalib gələ bilərdik.
- Zədə səbəbindən Norveçlə oyunu yarımçıq tərk etdiniz. Hazırda vəziyyətiniz necədir?
- Bu zədə, hardasa, kubok oyunundan qalıb. Həmin vaxt elə də ciddi deyildi. Hiss edirəm ki, get-gedə bir az ciddiləşib. Ağrı tutdusa, oyuna davam etmək olmur. Ona görə də meydanı vaxtından əvvəl tərk etdim.
- Bəs nə vaxta bərpa oluna bilər? Qarşıda da "Neftçi”nin Avroliqa oyunları var…
- Zədəm o qədər də ciddi deyil, amma bərpasına bir az vaxt lazımdır. Ümid edirəm ki, komandamız toplaşanadək sağalaram. O vaxtadək həkimlərin nəzarətində olacağam. Ondan sonra hər şey məlum olacaq.
- Siz U-21-lə yanaşı, həm də əsas millimizdə çıxış edirsiniz. Komanda yoldaşlarınız açıqlamalarında ABŞ toplanışında şəraitə, vaxt fərqinə görə çətinlik çəkdiklərini bildirmişdilər. Bəs Siz nə deyə bilərsiniz?
- Hər şey bir yana, vaxt fərqi bizə çox çətinlik yaratdı. Biz orada oyuna çıxanda Bakıda səhər saat 6-7 idi. Vaxt fərqinə uyğunlaşmaq doğrudan da çətin idi. Amma fikirləşmirəm ki, komandamız pis oynadı. Məncə, yaxşı oynadıq. 75-ci dəqiqəyə qədər hesab açılmamışdı. Buraxdığımız qollar çox da mürəkkəb vəziyətlərdən vurulmadı. Asan qollar idi. Təbii ki, bu bir yoldaşlıq oyunu idi və bizim üçün yaxşı təcrübə oldu. ABŞ ötən gün Türkiyə millisini də məğlub etdi. Bu da o deməkdir ki, ABŞ asan rəqib deyil, yaxşı futbolçulardan qurulmuş bir komandadır. Komandadakı futbolçuların 80-90 faizi Avropada, İngiltərədə, Almaniyada oynayırlar.
- Oyun vaxtı baş verən söyüş qalmaqalı barədə nə deyə bilərsiniz? Qapıçımız Kamran Ağayevin oyun ərzində Sizi təhqir etdiyi deyilir?
- Vallah, bu məsələ çox uzandı. Bu barədə heç soruşmasanız, daha yaxşı olar. Səhv etmirəmsə, Kamran özü bu barədə açıqlama verib.
- Açıqlamanızda bildirmisiniz ki, Ağayev o sözləri mənə deyil, rəqib futbolçuya deyirdi. İstənilən halda, milli üzvünün oyun vaxtı belə ifadələr işlətməsi düzgündürmü? Çünki həmin sözlər efirdən də eşidilirdi...
- Sizinlə razıyam ki, bu, yaxşı hal deyil, xoşagəlməz olaydır. Amma futbolda belə şeylər olur. İstər-istəməz arada rəqiblə insident yaranır. Amma bizim komanda yoldaşlarımızın arasında elə şey ola bilməz.
- Məgər amerikalılar azərbaycanca söyüş başa düşürlər?
- (gülür) Hardan başa düşsünlər? Amerikalılardırlar axı...
- Bəs qapıçımız bu söyüşün ingiliscə variantını da səsləndirdi?
- Yox e. Nə danışırsan? Oyun vaxtı söyüşə o boyda vaxt ayırmaq olar?
Elmar VƏLİYEV