Bakının AZAL klubunun baş məşqçisi Tərlan Əhmədovun Sportnet.az-a müsahibəsi
- Ötən mövsüm komandanızda çoxlu legioner olsa da, heç nə edə bilmədiniz. AZAL bu mövsüm də legionerlərə üstünlük verəcək, yoxsa yerli futbolçuları heyətə cəlb etmək istəyirsiniz?
- Legionersiz futbolun inkişafı bir az çətin məsələdir. Komandaya xeyir verən futbolçular seçmək istəyirik. Bilirsiniz ki, mən artıq 4 legioneri - Branislav Arsenyeviç, Samuel Barlay, Junior Aylton və Nedo Turkoviçi komandadan göndərmişəm. Çünki həmin futbolçularla komandamız 2 ill dalbadal 7-8-ci yerləri tutulubsa, deməli, burada yeni nəfəs, yeni qan lazımdır. Bundan əlavə, əvəzedici heyətdən 2 futbolçu dəvət etmişəm. Onlardan biri Aydın Qasımovdur ki, mən ona çempionatın son oyunlarında da etimad göstərib, meydana çıxartdım. O uşaq, göz dəyməsin, bizdə böyük təəssürat yaratdı, gələcəyi çox parlaqdır. Çox şey özündən asılıdır, üzərində işləməlidir. Əvəzedici heyətdən dəvət etdiyimiz digər futbolçu Elgün Orucovdur. Bundan əlavə, 1997-ci il təvəllüdlü iki futbolçunu - Ümid və Ülvini dəvət etmişəm ki, onlar əsas komanda ilə məşq edirlər. Gələcək planlarımızda var ki, onları da oyunlarımızda meydana çıxaraq. Bu yeniliklərdən əlavə, komandanın özəyini, başda komandanın kapitanı Rəşad Abdullayev olmaqla, Tural Nərimanov, Oskars Klava, Aleksandr Şemonayev, Şəhriyar Rəhimov, Laşa Kasradze və s. saxlamışıq. Onlar bizə lazım olan futbolçulardır. Etimadı doğurultmayanları da yola saldıq. Demirəm çempionluq, yüksək yerlər uğurunda mübarizə aparan, oynayan bir komanda yaratmaq istəyirik. Elə legioner seçməliyik ki, etimadlarımızı doğrultsun və bizim istədiyimiz oyunu nümayiş etdirsin.
- Müqaviləsi başa çatan futbolçularınızla yenisini imzaladınız?
- Bəzilər var ki, onlarla danışıqlar gedir. Elələri də var ki, artıq onlarla müqavilə yeniləmişik. Aleksandr Şemonoyev qalıb. O da ailəsi ilə istirahətdədəir. Yaxın günlərdə gəlməlidir. Gəlsin, onun məsələsi həll olunacaq.
- Viktor İqbekoyi ilə müqaviləni yeniləməyəcəksiniz?
- Onunla da danışıqlar gedir. Əsas odur ki, onu siyahıdan silməmişik. Gəlsin, görək nə istəyir. Hələ ki, onun məsələsi açıqdır.
- Moldova millisinin qapıçısı Syanislav Namaşkonu transfer etmək istəyirsiniz. Heyətinizdə Cahangir Həsənzadə və Ruslan Məcidov olduğu halda, yeni qapıçı almaq istəyiniz hansı zərurətdən irəli gəlir?
- Hardasa, 1,5 ay idi komanda ilə işləyirdim, qapıçılarla söhbətim oldu. Mənim hər iki qapıçıya böyük ümidlərim var. Amma son oyunlarda Ruslan zədələndi, Cahangirin də övladı xəstə olduğundan, komandada yox idi. Nəticədə o biri qapıçılara şans verdim. "İnter”lə son oyunda buraxılan səhvlər məni məcbur etdi ki, yeni qapıçı axtarım. Açığını desəm, bu, planımda yox idi. Amma son oyunlarda düşdüyümüz durum bizi məcbur etdi. İstəmirəm ki, yenidən o problemlə üzləşim. Bu da bir rəqabət olacaq. Kim bu rəqabətdə özünü yaxşı tərəfdən göstərəcək, ona da əsas heyətdə yer verəcəyik. Namaşkonun Kamerunla oyununu da izləmişik. Hesab edirəm ki, onun bizə köməyi dəyəcək. Təbii ki, onun burada necə çıxış edəcəyini zaman göstərəcək. Gəlsin, komandaya uyğunlaşsın, görək necə olur.
- Bosniya və herseqovinalı hücumçunuz Nedo Turkoviç ötən mövsüm özünü yaxşı tərəfdən göstərə bilirdi. Qol da vurdu, ötürmə də etdi. Onu niyə göndərdiniz komandadan?
- Siz başqa pəncərədən baxırsınız, amma biz məşqçilər başqa. O, 10 oyunda yaradılan qol imkanlarından maksimum istifadə edə bilmirsə, mən demirəm ki, 10, heç olmasa, yaradılan 2-3 oyunda qol imkanlarından istifadə edə bilmirsə, deməli yenilik etmək lazımdır. Turkoviçə də biz çox şans verdik. Hər oyun meydana buraxdıq. Amma, o, şanslarını dəyərləndirə bilmədi. Bizə qol imkanlarından maksimum istifadə etməyi bacaran bir hücumçu lazımdır.
- Əvvəllki illərdə AZAL təlim-məşq toplanışı üçün xarici ölkəyə üz tutmurdu. Türkiyə səfəri alınmasa, bu sizə problem yaratmayacaq?
- Onun alınmaması üçün heç bir problem yoxdur. Artıq bu barədə danışığımız olub. Heç bir problem olmamalıdır.
- AZAL futbol ictimaiyyətində çempionatı yola verən komanda kimi tanınır. Siz bu anlayışı dəyiştirə biləcəksiniz?
- Məhz ona görə elə bir komanda formalaşdırmaq istəyirəm ki, hamı AZAL-a elə baxmasın. AZAL-ın əvvəlki iddialı vaxtlarını geri qaytarmaq istəyirik. Çalışırıq ki, komandamız 6-7-ci yerlər üçün yox, titul uğrunda mübarizə aparsın. AZAL-ın üzərindəki mənfi adı götürmək, komandaya yuxarıdan aşağı baxılmamasını istəyirik. Fikirimiz, yeni AZAL formalaşdırmaqdır.
- İddialı yerlər uğrunda mübarizə aparmaq üçün ciddi maliyyə tələb olunur. Rəhbərlik sizə bu imkanı yaradacağına söz verib?
- Hesab edirəm ki, əsas məsələ komandada ailə ab-havası formalaşdırmaqdır. Komandada, ailə ab-havası formalaşdıra bilsək, uğur da gələcək. Hər şeyi birgə etməliyik. Kollektivdə mehribançılıq yoxdursa, büdcənin çox olması da fayda verməz.
- Ötən il rəhbərlik büdcəni azaltmışdı. Bu il artım olacaq?
- Hələ ki gözləyirik. Görüşümüz olanda bu barədə söhbət edərik. Mən sizə tam detalları ilə deyə bilmərəm, amma artım olmalıdır. Olmasa da, heç bir ziyanı yoxdur. Elə bir komanda formalaşdıracağıq ki, baxımlı oyunu ilə hamını sevindirisin.
- Futbolçunuz Con Oluremi saytımıza açıqlamasında iddialı klubda çıxış etmək istədiyini deyib. Sizcə, o, AZAL-ı iddialı saymır?
- Biz heç kimi burada məcburi saxlayası deyilik. Onu hansısa iddialı klubdan istəyirlərsə, gələrlər, danışarıq. Anlaşsaq, başqa kluba keçər.
- Deyirdiniz ki, "Neftçi”də işləyərkən, baş məşqçi Böyükağa Hacıyev Sizə mane olurdu. AZAL-da da işinizə mane olan var?
- Yox. Mənə verilən etimad ondan ibarətdir ki, heç kim mənim işimə qarışmayacaq. Futbolçu seçimi də mənə məxsusdur. İşimə də heç kimin maneçiliyi yoxdur. Öz işimi görürəm. Bir-iki günə yerli futbolçularım məsələsini həll edəcəyəm. Ondan sonra da legionerlərlə məşğul olacağıq. Hazırda 8-9 nəfərə viza göndərmək fikirimiz var. Keçmişdə nə olub, nə olmayıb, onu bilmərəm. Bu, klubumuzun prezidentinin əmridir ki, sən baş məşqçisən, bütün səlahiyyətlər səndədir. Rəhbərlik də mənə hər bir dəstəyi verir. İndiyə kimi olmayıb, inanmıram ki, bundan sonra da kimsə mənim işimə qarışa.
Elmar VƏLİYEV