
Oktyabrın 6-da Qətərin paytaxtı Dohada boks üzrə dünya çempionatına start veriləcək. Sportnet.az-ın məlumatına görə, budəfəki yarışda 73 ölkənin 260 boksçusu gücünü sınayacaq.
Əvvəlkilərdən fərqli olaraq, bu dəfə mundialda dünyanın ən güclüləri mübarizə aparacaq. "Bakı 2015" I Avropa Oyunlarında 1-3-cü, Bolqarıstanda keçirilmiş qitə çempionatında isə 1-6-cı yeri tutanlar Qətərdə iştirak hüququna yiyələniblər. "Əli Bin Həməd Əl Attiyah" arenada keçiriləcək dünya çempionatı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterlidir. Mundialda iştirak edəcək 260 boksçudan 94-ü Avropanı, 66-sı Asiyanı, 51-i Şimali və Cənubi Amerikanı, 32-si Afrikanı, 17-si isə Okeaniya qitəsini təmsil edir.
Qətərdəki dünya çempionatından 23 boksçu olimpiadaya lisenziya qazanacaq. Hazırkı dünya çempionlarından Lazaro Alvares (Kuba, 60 kq), Daniyar Yeleusinov (Qazaxıstan, 60 kq), Janibek Alimxanulı (Qazaxıstan, 75 kq), Xulio Sezar la Kruz (Kuba, 81 kq) və Məhəmmədrəsul Məcidov (Azərbaycan, +91 kq) titullarını qorumağa çalışacaqlar. Məcidov qalib gəlsə, 3 qat dünya çempionu tituluna yiyələnəcək. 49, 52 və 81 kq çəki dərəcələrində 1-2-ci, 56, 60, 64, 69, 75 kq çəki dərəcələrində 1 - 3-cü, 91 və +91 kq çəki dərəcələrində isə yalnız qaliblər olimpiadaya vəsiqə qazanacaqlar.
Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq. Yalnız zədəli Xaybula Musalov (75 kq) Qətərə gedə bilməyəcək.