Kanoe üzrə Azərbaycan milli komandasının sabiq üzvü Andrey Kraytor Rusiya yığmasının heyətində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında iştirak hüququna yiyələnib. Sportnet.az-ın məlumatına görə, 24 yaşlı idmançı qonşu ölkədə keçirilən seçim turnirinin qalibi olub.
O, 1 nəfərlik kanoe qayığı ilə 200 metr məsafəyə yürüşdə finişə 40,659 saniyəyə çataraq, ən yaxın izləyicisi, 12 qat dünya çempionu və 2012-ci il London olimpiadasının bürünc mükafatçısı İvan Ştılı 0,034 saniyə geridə qoyub. Üçüncü yeri isə 5 qat dünya, 8 qat Avropa çempionu, "London-2012"də 2 nəfərlik qayıqla 1000 metr məsafəyə yürüşdə bürünc, "Bakı 2015" I Avropa Oyunlarında gümüş medal qazanmış Aleksey Korovaşkov tutub.
Maraqlı məqam ondadır ki, həm qızıl, həm də bürünc mükafatçılar 1992-ci ildə Ukraynada doğulub. Kraytor 2009 - 2012-ci illərdə Azərbaycan millisində çıxış edib. O, 2010-cu ildə Sinqapurda keçirilmiş Yeniyetmələrin I Yay Olimpiya Oyunlarına və qazanıb və avarçəkmə növləri üzrə ilk olimpiya lisenziyasının sahibi kimi ölkəmizin tarixinə düşüb.
2012-ci il London Yay Olimpiya Oyunlarında Kraytor Azərbaycan millisinin üzvü kimi çıxış etməyə namizəd olub. Lakin daha təcrübəli və daha yüksək nailiyyətlərə malik Valentin Demyanenkoya üstünlük verilib. Bundan sonra Kraytor Rusiya yığmasında çıxış etməyə başlayıb. O, 2013-cü və 2014-cü illərdə dünya çempionu, 2015-ci ildə isə Avropa çempionu olub. I Avropa Oyunları zamanı Mingəçevirdə 1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşlərə qatılan kanoeçi finalda Demyanenkonun rəqiblərindən olub. Sonda o, 40,199 saniyə nəticə ilə 4-cü olub və medal qazana bilməyib. Azərbaycan təmsilçisi isə finişə 40,142 saniyəyə çataraq, gümüş medala yiyələnib. Kraytor "Rio-2016"da da Demyanenkonun əsas rəqiblərindən olacaq.
Korovaşkov isə İlya Pervuxinlə birgə "London-2012"nin finalında Azərbaycanın o vaxtkı təmsilçiləri Sergey Bezuqlıy və Maksim Prokopenkodan ibarət duetə 2 nəfərlik kanoe qayığı ilə 1000 metr məsafəyə yürüşdə rəqib olmuşdu. Finalda onlar Bezuqlıy - Prokopenko duetini üstələyərək, bürünc medala yiyələnmişdilər.
Qeyd edək ki, qarşıdakı olimpiadada Azərbaycanı kanoe növündə yalnız Valentin Demyanenko təmsil edəcək.
Sahib ƏSƏDBƏYLİ
Yazı AFFA yanında Media Komitəsinin dəstəyi ilə hazırlanıb.