Beynəlxalq Avarçəkmə Federasiyası Rusiyanın kişilərdən ibarət akademik avarçəkmə komandasını dopinq səbəbiylə diskvalifikasiya edib. Sportnet.az-ın məlumatına görə, rusiyalı "dördlük" 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında iştirak etməyəcək.
Onları Yeni Zelandiya komandası əvəz edəcək.
Federasiyanın saytında bildirilib ki, 2004-cü ilin olimpiya çempionu Sergey Fedorovtsevdən may 17-də götürülmüş dopinq-test müsbət nəticə verib. Onun qanında istifadəsi yasaqlanmış trimetazidin maddəsi aşkar edilib. Təkrar test də müsbət nəticə verib. S.Fedorovtsevin testdən keçdiyi tarixdən sonrakı bütün nəticələri ləğv edilib.
Qeyd edək ki, son vaxtlarda rusiyalı idmançıların dopinqdən istifadəyə görə diskvalifikasiya olunması və Olimpiadadan kənarlaşdırılması geniş vüsət alıb.