"Belə bir kompleks yarışlar idmançılar üçün çox vacibdir. Çünki onlar ayrı məkanda - Atletlər Kəndində yaşayırlar. Belə mühitlə tanışlıq, komanda şəklində birgə olmaq gənclərimiz üçün böyük təcrübədir. İnanırıq ki, bu təcrübədən gələcəkdə də yararlana biləcəklər".
Sportnet.az-ın məlumatına görə, bunu jurnalistlərə Gənclər və İdman naziri Azad Rəhimov Bakıda keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalı (EYOF) barədə danışarkən deyib.
Nazir EYOF-da Azərbaycan idmançılarından gözləntilərini də açıqlayıb: "Bu festivalda bəzi idman növlərinə böyük ümidlər bəsləyir və həmişəki kimi, çoxlu medal gözləyirik. Çox istərdik ki, bu festivalda medal qazandığımız idman növlərinin sayı geniş olsun və 4-5 növdə əldə edək. Amma hər halda sona 2 gün qalmış medalların kəmiyyət və keyfiyyətində ikinci yerdəyik. Arzumuz Azərbaycanın "5-lik"dən aşağıda olmamasıdır".
Qeyd edək ki, hazırda Azərbaycan 9 qızıl, 6 gümüş və 5 bürünc medalla ikinci pillədədir. 18 qızıl, 10 gümüş və 14 bürün medalı olan Rusiya isə siyahıya başçılıq edir.