"Bu etimada görə təşəkkürümü bildirirəm. Biz işləməliyik. Federasiya əvvəl də işləyirdi. Azərbaycanda qış idman növlərinə maraq yox idi. Amma artıq Qəbələ, Şahdağ və Naxçıvanda xizəklə məşğul olmaq mümkündür".
Sportnet.az-ın məlumatına görə, bunu yeni yaradılmış Azərbaycan Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyev mətbuat konfransında deyib.
O, dəfələrlə Şahdağa getdiyini və insanların dağ xizəyi ilə məşğul olduğunu bildirib: "Peşəkar atletlər hazırlamaq istəyirik. 4 ildən sonra qış olimpiadasında yeni idmançılarla təmsil olunmalıyıq. Bunlar da yerli idmançılar olmalıdır. Azərbaycanda qış idman növlərinin mədəniyyətini formalaşdırmalıyıq. Ölkə rəhbərliyinə minnətdarlığımı bildirirəm ki, 3 xizək kurortu fəaliyyət göstərir və bunun sayı gələcəkdə artacaq. Gələn il Şahdağda Qış Xizək Məktəbi fəaliyyət göstərəcək".
Nağıyev fiqurlu konkisürməyə diqqət yetirəcəklərini və bu idman növündə hələlik infrastrukturun olmadığını söyləyib: "Beynəlxalq arenada 3 idmançı ilə təmsil olunuruq. Qış olimpiadasında da iki təmsilçimiz mübarizə aparacaq. Bu idman növündə şərait və infrastruktur yaratmaq istəyirik".
Federasiya rəhbəri idmançıların başqa ölkələrdə yaşayıb qış idman növləri ilə məşğul olmaları üçün sponsorlar axtaracaqlarını da diqqətə çatdırb: "Belarus və Andorradan sponsorlar ola bilər".