Prezident İlham Əliyev Milli Olimpiya Komitəsinin (MOK) 30 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.
Sportnet.az xəbər verir ki, Sərəncamda məqsəd MOK-un təsis olunmasının 30 illiyinin ölkənin ictimai həyatında əhəmiyyətini nəzərə alaraq, habelə Azərbaycanda Olimpiya Hərəkatının daha da genişləndirilməsini təmin etməkdir.
Sərəncama əsasən, Nazirlər Kabineti Milli Olimpiya Komitəsi ilə birlikdə yubileyə dair tədbirlər planı hazırlayıb həyata keçirməli və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Sərəncamda deyilir ki, 2022-ci ildə MOK-un yaradılmasının 30 ili tamam olur: "Milli Olimpiya Komitəsi təsis olunduğu vaxtdan ölkədə idmanın dinamik inkişafı, Olimpiya ideallarının bərqərar olması və təşviqi üçün məqsədyönlü, ardıcıl fəaliyyət göstərib. Ötən müddət ərzində Azərbaycanın idman infrastrukturunun yenilənərək ən müasir standartlara cavab verən səviyyəyə gətirilməsində, idmanın kütləviliyinin artırılmasında və sağlam həyat tərzinin təbliğində Milli Olimpiya Komitəsinin mühüm xidmətləri olub. İdmançılarımız Olimpiya Oyunlarında ölkəmizi ləyaqətlə təmsil edib, yüksək nəticələr qazanıb və müstəqilliyin bərpasından sonra Olimpiya Oyunlarında əldə olunan medalların sayını 53-ə çatdıraraq Azərbaycanın idman şöhrətini artırıblar. MOK-un mötəbər idman yarışlarının təşkili istiqamətində təqdirəlayiq fəaliyyəti sayəsində ölkəmizdə 2015-ci ildə I Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları və 2019-cu ildə Avropa Yeniyetmələrinin Olimpiya Festivalı böyük uğurla keçirilib. Əldə edilmiş nailiyyətlər beynəlxalq miqyasda əks-səda doğurub, Azərbaycanı dünyada idman ölkəsi kimi tanıdıb".