"Rəqiblə müarizədə topuğum əzildi. Ayaq üstündə dayana bilmirdim. Sevindirici haldır ki, bu vəziyyətdə güləşməyimə baxmayaraq, sonda qalib gəldim. Qələbəmi ailəmə həsr edirəm. Çünki çətin günlərimdə hər zaman yanımda olublar".
Sportnet.az-ın Türkiyənin Konya şəhərinə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu V İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanan Azərbaycan cüdoçusu Balabəy Ağayev jurnalistlərə açıqlamasında deyib.
60 kq-da fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı başda Azərbaycan Cüdo Federasiyası olmaqla, bütün məşqçilərə təşəkkürünü bildirib: "Hər zaman mənə kömək ediblər. Gələcəkdə olimpiya çempionu olmağa çalışacağam".
O, İslamiadanın finalında məğlub etdiyi özbəkistanlı Kamran Nurullayevlə ilk dəfə qarşılaşdığını söyləyib: "Bu medalın mənim üçün çox böyük önəmi var. Neçə vaxtdır zədəli olduğumdan əziyyət çəkirdim. Avropa çempionatında 5-ci olmuşdum. Şükürlər olsun ki, əziyyətim yerdə qalmadı".
Zədəsi ilə bağlı danışan cüdoçu hələ də ayağının ağrıdığını söyləyib: "Buz qoyublar. Çalışacağam ki, gələn yarışlaradək sağaldım".
Ağayev 6 - 13 oktyabrda Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək dünya çempionatındakı hədəfini də açıqlayıb: "Mundialda iştirak etməyə də bilərəm. Hər şey məşqçilərin seçimindən asılıdır. Buna onlar qərar verəcəklər".