"Kamerunun VI İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi məsələsi ilin sonunadək müzakirə olunacaq".
Bunu Sportnet.az-a açıqlamasında Milli Olimpiya Komitəsinin vitse-prezidenti və VI İslam Həmrəyliyi Oyunlarının Təftiş Komitəsinin prezidenti Çingiz Hüseynzadə deyib.
Dünən keçirilən V İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimində İslam Həmrəyliyi İdman Federasiyasının (ISSF) bayrağı növbəti ev sahibi Kameruna ötürülməyib. Bu, Kamerunun ev sahibliyi məsələsinin dəqiqləşməməsi ilə bağlı olub.
Çingiz Hüseynzadə bildirib ki, ordakı idman obyektləri yarışı keçirmək üçün lazımi səviyyədə deyil: "ISSF-in Baş Məclisinin iclası olacaq və orada bu məsələ müzakirə ediləcək. Müəyyən problemlər var. Bildiyiniz kimi, mayda Kameruna getmişdim. Orada idman obyektləri istənilən səviyyədə deyil. Kamerun hökuməti ilə danışıqlarımız oldu. Bundan sonra yenə danışacağıq. Görək, necə olur".