Azərbaycan sərbəst güləşçisi Hacı Əliyev "Minsk 2019" II Avropa Oyunlarında qızıl medal qazanıb.
Sportnet.az-ın Belarus paytaxtına ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, 65 kq çəkidə yer alan 28 yaşlı pəhləvan finalda Vladimir Xinçeqaşvilini məğlubiyyətə uğradıb.
İlk hissədə ardıcıl iki fəndlə 4:0 hesabı ilə önə çıxan Əliyev rəqibin etirazları qəbul olunmayınca aktivinə daha 1 xal yazdırıb.
İkinci yarının əvvəllərində Xinçeqaşvili 2 xal alsa da, Əliyev daha 5 xalla fərqi 8-ə çatdırıb. Nəticədə o, 10:2 hesabı ilə qalib gələrək yarışın qalibi olub.
Qeyd edək ki, daha öncə 57 kq çəkidə yer alan sərbəst güləşçi Mahir Əmiraslanov qızıl medal əldə edib.