
SSRİ yığmasının tərkibində ikiqat dünya çempionu olmuş idman gimnastı Oksana Çusovitina Özbəkistan təmsilçisi kimi 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Sportnet.az-ın məlumatına görə, Rio-de-Janeyroda keçirilmiş test turnirində 40 yaşlı idmançı 45-ci yeri tutub.
Bu nəticə qarşıdakı olimpiadaya vəsiqə üçün kifayət edib. Yenə olimpiya səhnəsinə çıxacağı təqdirdə, o, 7 Yay Olimpiya Oyunlarında çıxış etmiş ilk gimnast kimi tarixə düşəcək.
Qeyd edək ki, Oksana Çusovitina "Barselona-1992"dən etibarən ardıcıl 6 olimpiadaya qatılıb. O, birləşmiş komandada ilk böyük sınağında olimpiya çempionu olub. 1991-ci ildə isə Çusovitina ABŞ-ın İndianapolis şəhərindəki dünya çempionatında 2 qızıl, 1 gümüş medala yiyələnib.