Azərbaycan boks tarixində yeni səhifə açılıb. Sportnet.az-ın məlumatına görə, ölkəmiz olimpiadada ilk dəfə bu növdə finalda təmsil olunacaq.
Buna "Qəbələ" İdman Klubunun (İK) üzvü Lorenso Sotomayır "Rio-2016" Yay Olimpiya Oyunlarında nail olub. 31 yaşlı idmançının yarımfinalda milliyyətcə erməniyə (Almaniya vətəndaşı ola belə) qalib gəlməsi uğurunun çəkisini artırır. 64 kq çəkidə çıxış edən Sotomayorun ən az gümüş medalçı olacağı dəqiqləşib. Təbii ki, "Qəbələ"li qalib gələrsə, boks tariximizə ilk Olimpiya çempionu kimi düşəcək.
İndiyədək Olimpiya medalçısı olan 7 boksçumuzun hamısı bürünc mükafatçı olub. Bunlar Vüqar Ələkbərov, Fuad Aslanov, Ağası Məmmədov, Şahin İmranov, Teymur Məmmədov, Məhəmmədrəsul Məcidov və Kamran Şahsuvarlıdır. Sonuncu da "Qəbələ"nin üzvüdür və bu kluba ilk Olimpiya medalı qazandıran idmançı kimi tarixə düşüb.
Boksda qazanılan tarixi nailiyyətdə Kəmaləddin Heydərovun prezidenti olduğu Azərbaycan Boks Federasiyasının böyük rolu var. K.Heydərovun 2009-cu ilin əvvəlindən quruma rəhbərlik etməyə başlamasından sonra boksda uğurlar artıb. Dünya, Avropa çempionlarımızın sayı çoxalıb, boks yığmamız "Bakı-2015" I Avropa Oyunlarında komanda hesabında birinci yeri tutub.
K.Heydərovun prezidenti olduğu digər idman qurumu - Azərbaycan Taekvondo Fedrasiyası da "Rio-2016" Yay Olimpiya Oyunlarında öz sözünü deyir. Bu idman növündə ilk Olimpiya medalı da məhz Braziliyada qazanılıb. Buna 49 kq çəkidə Patimat Abakarova nail olub. Kişi taekvondoçularımız - "Bakı-2015" I Avropa Oyunlarının qalibləri olan Milad Beiqi Harçeqani ilə Radik İsayev Olimpiya çempionluğuna da əsas namizədlərdən sayılır. Bu növ üzrə yığmamız da Avropa Oyunlarında komanda hesabında hamını üstələyib.
K.Heydərovun dünən "Dalğa Arena"dan izlədiyi "Qəbələ" də tarixi nailiyyətə imza atır. Sloveniya "Maribor"u üzərində 3:1 hesablı əzmkar qələbə qazanan "qırmızı-qaralar" ardıcıl 2-ci mövsüm Avropa Liqasının qrup mərhələsinə düşməyə çox yaxındır. Özü də qəbələlilər ötən il olduğu kimi, mübarizəyə ilk təsnifat mərhələsindən başlayaraq inamla irəliləyir. "Qəbələ" İK-nın prezidenti isə K.Heydərovun böyük oğlu Tale Heydərovdur.
Mehman SÜLEYMANOV