
Bu gün "Bakı 2015" I Avropa Oyunlarında 1/4 final görüşlərinə start verilib. Sportnet.az-ın məlumatına görə, iyulun 22-də rinqə çıxan Azərbaycanın 5 kişi boksçusundan 4-ü qalib gələrək, yarımfinala yüksəlib.
Bununla da həmin idmançılar ən azı bürünc medalı təmin ediblər.
Əvvəlcə rinqə 49 kq çəki dərəcəsindəki Salman Əlizadə çıxıb.
O, irlandiyalı Brendan İrvinə 1:2 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb.
Əvəzində digər təmsilçilərimiz yarımfinala adlamağı bacarıblar. 56 kq çəkidəki Tayfur Əliyev danimarkalı Frederik Jensenə qalib gəlib. Onun növbəti rəqibi rusiyalı Baxtovar Nəzirov olacaq.
Axşam seansında isə 52 kq-da mübarizə aparan Elvin Məmişzadə bolqarıstanlı Daniel Asenovla qarşılaşıb. Görüş boksçumuzun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Yarımfinalda rəqib almaniyalı Hamza Tuba olacaq.
81 kq çəkidəki Teymur Məmmədov hollandiyalı Peter Müllenberqlə münasibətlərinə aydınlıq gətirib. 3:0 hesabı ilə qalib gələn Məmmədovun yarımfinaldakı rəqibi rusiyalı Pavel Silyagin olacaq.
91 kq-dan yuxarı çəkidəki Məhəmmədrəsul Məcidov da türkiyəli Ali Demirezenə şans verməyib - 3:0. Yarımfinalda rəqib rusiyalı Həsən Hümbətov olacaq.