AFFA rəhbərliyi Azərbaycan milli komandasının Rusiya yığması ilə Bakı Olimpiya Stadionunda yoldaşlıq görüşü keçirmək istəyindədir. Sportnet.az-ın məlumatına görə, bu barədə TASS-a AFFA-nın baş katibi Elxan Məmmədov açıqlama verib.
"Son 3 ildə biz Rusiya yığması ilə dəfələrlə qarşılaşmışıq. O cümlədən, ötən il Moskvada yoldaşlıq görüşü keçirmişik. Bizim böyük stadionumuzda da oynamaq istərdik. Əminik ki, bu halda tribunalar dolardı. Təəssüf ki, hələlik bu, bir qədər çətindir. Çünki gələn ilə hər şey təqvimdə göstərilib".
Hazırda Olimpiya Stadionu "Bakı 2015" I Avropa Oyunlarının əsas idman qurğularındandır. Bu stadionda Oyunların açılış mərasimi, eləcə də atletika üzrə yarışlar keçirilib. İyunun 28-də isə bağlanış mərasimi olacaq.
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda ilk futbol matçının oktyabrın 10-da keçirilməsi nəzərdə tutulub. Həmin gün Azərbaycan yığması İtaliya ilə AVRO-2016-nın seçmə qrup matçına çıxacaq.