"Mənə xəbər veriləndə ki, Avropa Oyunlarında güləşəcəm, bu məsuliyyəti dərk etdim. Uzun müddətdir paralimpiya yığma komandasına hazırlaşırdım. Müəyyən xırda zədələr olsa da, Allaha şükür ki, bu, ölkəmizi layiqincə təmsil etməyimə mane olmadı. Bütün Azərbaycan məndən bu qızılı gözləyirdi". Sportnet.az-ın "Adalet.az"a istinadən məlumatına görə, bunu Avropa Oyunlarının paralimpiyaçı cüdoçuların yarışlarında Azərbaycana qızıl medal qazandırmış İlham Zəkiyev deyib.
O 90 kq-dan yuxarı çəki dərəcəsində qazandığı qızıl medalı dövlət başçısı İlham Əliyevə və bütünlükdə Azərbaycan xalqına həsr etdiyini bildirib: "Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən mənə iki missiya tapşırılmışdı. Birincisi, Açılış Mərasimində məşəli alovlandırmaq və yarışda Azərbaycanı təmsil etmək. Mən Atəşgahda məşəli yandıranda cənab prezidentə dedim ki, ayın 26-sı güləşəcəyəm. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranması günüdür. Söz vermişdim ki, Ali Baş Komandanımıza medal hədiyyə edim. Bunun öhdəsindən gəldim. Bu medalı cənab Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevə və bütün xalqımıza həsr edirəm".
Zəkiyev fəxri kürsüdə dövlət başçısı ilə aralarında yaşanan dialoqdan da danışıb: "Mən İlham Əliyevə dedim ki, cənab Prezident, əsgər Zəkiyev sizin verdiyiniz döyüş tapşırığını yerinə yetirdi. Söz vermişdim ki, bu medalı ona Silahlı Qüvvələrn yaranması günü hədiyyə edəcəyəm. Çox şükür ki, etdim! "Bir də ki, oğlum Həmzənin iki yaşı tamam olur. Atası tərəfindən bu medal ona ən böyük hədiyyədir."
"Gözlərimin nurunu döyüş tapşırığını yerinə yetirərkən itirmişəm. Hər yerdə məndən soruşanda ki, yaranı harda almısan, fəxrlə deyirəm ki, Azərbaycan torpaqlarının müdafiəsi uğrunda düşmən gülləsinə tuş gəlmişəm və görmə qabiliyyətimi itirmişəm" deyə Qarabağ qazisi İlham Zəkiyev sözlərinə əlavə edib.