
Azərbaycanı "Bakı 2015"də təmsil edən cüdoçulardan sonuncusu da mübarizəni dayandırıb. Sportnet.az-ın məlumatına görə, 90 kq çəki dərəcəsindəki Ramin Qurbanov 1/8 finalda macarıstanlı Kristian Tota şido (cərimə) xalı ilə uduzub.
Daha öncə Elxan Məmmədovla Elmar Qasımov (hər ikisi 100 kq), eləcə də Uşangi Kokauri (+100 kq) və qadınların mübarizəsində Günel Həsənli (78 kq) ilk görüşdəcə uduzaraq, Avropa Oyunları ilə vidalaşıb.
Azərbaycana cüdo növündə yeganə medalı 60 kq çəkidəki Orxan Səfərov qazandırıb.
x x x
Azərbaycanı "Bakı 2015" I Avropa Oyunlarında təmsil edən cüdoçu Elmar Qasımovla Elxan Məmmədov da mübarizəni dayandırıb. Sportnet.az-ın məlumatına görə, 100 kq çəki dərəcəsində çıxış edən hər iki cüdoçu 1/8 finalda ipponla yenilib.
E.Qasımov portuqaliyalı Jorje Fonsekaya, E.Məmmədov isə çexiyalı Lukas Krpalekə məğlub olub.
Hazırda mübarizəni yalnız Ramin İbrahimov davam etdirir.
x x x
Azərbaycanı "Bakı 2015" I Avropa Oyunlarında təmsil edən cüdoçu Uşangi Kokauri 1/8 final görüşünü məğlubiyyətlə başa vurub. "Report"un məlumatına görə, 100 kq-dan yuxarı çəkidə çıxış edən 23 yaşlı idmançı gürcüstanlı Levani Matiaşviliyə ipponla uduzaraq Oyunlarda mübarizəni dayandırıb.
Azərbaycanın daha bir cüdoçusu Ramin Qurbanov "Bakı 2015" I Avropa Oyunlarına qələbə ilə başlayıb. Sportnet.az-ın məlumatına görə, o, 90 kq çəkidə portuqaliyalı Dias Selyu ilə qarşılaşıb.
Rəqibini ippon fəndi ilə məğlub edən R.Qurbanov 1/8 finalda isveçli Markus Naymanla üz-üzə gələcək.
x x x
Azərbaycanın 2 cüdoçusu "Bakı 2015" I Avropa Oyunlarına qələbə ilə başlayıb. Bunlar Elxan Məmmədovla Uşangi Kokauridir.
100 kq çəki dərəcəsində çıxış edən Elxan Məmmədov 1/16 finalda xorvatiyalı Zlatko Kumriçlə görüşüb. Dünya çempionu ippon fəndi ilə qalib gələrək, 1/8 finala vəsiqə qazanıb. O, növbəti mərhələdə çexiyalı Lukas Krpaleklə qarşılaşacaq.
100 kq-dan yuxarı çəkidə mübarizə aparan U.Kokauri sloveniyalı Sera Matyajla qarşılaşıb. U.Kokauri rəqibinə ippon fəndi ilə qalib gəlib. Azərbaycan cüdoçusunun 1/8 finaldakı rəqibi gürcüstanlı Levani Matiaşvili olacaq.
Əvəzində qadınlar arasında 78 kq çəki dərəcəsində yer alan Günel Həsənli ilk görüşdəcə məğlubiyyətlə üzləşib.
O, 1/16 finalda italiyalı Assunta Qaleoniyə ipponla yenilərək, mübarizəni dayandırıb.
x x x
Bu gün "Bakı 2015" I Avropa Oyunlarında Azərbaycanın daha 5 cüdoçusu mübarizəyə qoşulacaq. Onlardan 4-ü kişi, 1-i isə qadın idmançıdır.
Kişilər arasında 90 kq çəkidə Ramin Qurbanov mübarizə aparacaq. O, 1/16 final mərhələsində portuqaliyalı Dias Selyu ilə qarşılaşacaq. Cütlüyün qalibi 1/8 finalda macarıstanlı Kristian Tot və isveçli Markus Nayman arasındakı duelin güclüsü ilə üz-üzə gələcək.
100 kq-da çıxış edən Elmar Qasımov 1/16 final mərhələsində rəqibi olmadığı üçün birbaşa 1/8 finalda çıxış edəcək. Azərbaycan millisinin bayraqdarı bu mərhələdə Jorge Fonseka (Portuqaliya) - Qriqori Minaskin (Estoniya) görüşünün qalibi ilə qarşılaşacaq.
Eyni çəkidə mübarizəyə qoşulacaq digər azərbaycanlı cüdoçu Elxan Məmmədovdur. Dünya çempionu 1/16 finalda xorvatiyalı Zlatko Kumriçlə görüşəcək. E.Məmmədov qalib gələcəyi təqdirdə, 1/8 finalda çexiyalı Lukas Krpaleklə qarşılaşacaq.
Azərbaycan cüdoçusu Uşangi Kokauri 100 kq-dan yuxarı çəkidə sloveniyalı Sera Matyaj səddini keçməyə çalışacaq. U.Kokauri 1/16 finalda qələbə qazansa, növbəti mərhələdə gürcüstanlı Levani Matiaşvili ilə üz-üzə gələcək.
Qadınlar arasında 78 kq çəkidə isə Günel Həsənli çıxış edəcək. 1/16 finalda onun rəqibi italiyalı Assunta Qaleoni olacaq. 1/8 finala yüksələn cüdoçu fransalı Rodri Tşömeo ilə üz-üzə gələcək.