
Maliyyə problemləri ilə üzləşən Bakının "İnter" klubu AFFA-nın vitse-prezidenti Elşad Nəsirova həvalə olunub. Sportnet.az-ın mötəbər mənbələrdən əldə etdiyi məlumata görə, E.Nəsirovun əsas işi komandanın Avropa Liqasında iştirakını təmin etməkdən ibarətdir.
"Bankirlər"in səfərə federasiya hesabına yollanması da məhz bu tapşırığın nəticəsidir. Amma bu, müvəqqəti xarakter daşıyır. Klubun faktiki sahibi yenə Azərbaycan Beynəlxalq Bankıdır. "İnter"in E.Nəsirova həvalə olunmasından sonra klub prezidenti Georgi Nikolov arxa plana keçib. Hətta səfərlərə belə yollanmayan bolqarıstanlı funksioner bank rəhbərliyi ilə yeni sponsorluğa dair danışıqlar aparır.
Mənbə bildirib ki, G.Nikolovun ölkədən kənara çıxışına qadağa qoyulması ilə bağlı söz-söhbətlər həqiqətə uyğun deyil. Sadəcə, klub prezidenti AFFA-nın sırf komandanın səfər xərclərinə vəsait ayırması və sponsorluq anlaşması ilə bağlı danışıqların intensivliyi səbəbindən xaricə çıxa bilmir.
Qeyd edək ki, "İnter" Avropa Liqasında I təsnifat mərhələsində Albaniya "Laçi"sini üstələyib. Növbəti mərhələdə "bankirlər" İslandiyada "Hafnarfyördur"la ilk matçdan qalib ayrılıb - 2:1. Cavab görüşü İyulun 23-də keçiriləcək. "İnter" Avroliqada III təsnifat mərhələsinə yüksələcəyi təqdirdə, İspaniya "Atletik"i ilə qarşılaşacaq.