Serbiyanın "Çukariçki" klubunun futbolçusu Nikola Stoyilkoviç "Qəbələ" ilə Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşü öncəsi "Sportski jurnal"a müsahibə verib. İlk oyunda penaltidən vurulmuş yeganə qolun müəllifi məqsədlərinin qrup mərhələsinə vəsiqədən ibarət olduğunu bildirib.
- Əvvəlki mərhələdə "Domjale" ilə ilk oyundan sonra da üstün durumda idik. Amma göstərdik ki, "Çukariçki"nin fəlsəfəsi nəticəni qorumaq yox, rəqib üzərinə hücuma keçməkdir. Biz Bakıya futbol oynamağa, "Qəbələ" üzərinə Belqraddakı kimi hücumlar etməyə gəlmişik. Əsas məqsədimiz üstünlüyümüzü təmin etmək və imkanlarımızdan yararlanmaqdır.
- Növbəti mərhələyə yüksəlsəniz Kipr "Apollon"u ilə qarşılaşa bilərsiniz...
- Allahın köməkliyi ilə. Bakıda qalib gəlsək, "Apollon"la qarşılaşmada da yaxşı nəticə əldə edəcəyimizə inanıram. Gəlin, ilk addımı bu gün ataq. O zaman biz kiprlilər barədə də asanlıqla danışa bilərik.
- Hamı "Çukariçki"nin Serbiya futbolunda yaxşı nümunə olduğunu deyir. Hazırda hamın gözü sizdədir, gözləntilər yüksəkdir. Buna görə təzyiq hiss edirsiniz?
- Klub rəhbərliyi təzyiq etmir. Bizim klub rəhbərliyi və məşqçilər heyəti ilə yaxşı münasibətlərimiz var. Bir-birimizi başa düşürük. Pozitiv atmosferin gözəlləşdirilməsinə şadam. Ən əsası, heç bir tərəfdən təzyiq yoxdur. Ola bilsin, bəzi KİV-in hazırda daha çox diqqətindəyik. Amma bu, problem deyil. Böyük nəticəyə imza atsaq, təzyiqin də öhdəsindən gələcəyik.
- "Çukariçki"nin Avropa Liqasında son hədəfi nədir?
- Hazırlığa başladığımız vaxtdan Avropa Liqasının qrup mərhələsinə iddialı olduğumuzun fərqindəyik. Bizim şansımız var. Ümidvaram ki, istəyimiz özünü doğruldacaq.