
Sentyabrın 2-də İrəvanda Ermənistan milli komandası və Almaniyanın "Borussiya" (Dortmund) klubunun futbolçusu Henrik Mxitaryanın iştirakı ilə xeyriyyə aksiyası keçiriləcək. Sportnet.az-ın Ermənistan Futbol Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, tədbir Avan Futbol Akademiyasında təşkil olunacaq.
"Tecbuy" və "Airpo-Tech" şirkətlərinin nümayəndələri, iş adanları Tiqran Tçablakyan və Qriqor Jeburyan özlərinin işləyib hazırladıqları və İtaliyanın "Montegrappa" şirkətinin istehsal etdiyi qızıl qələmi Mxitaryana hədiyyə edəcəklər. O isə xeyriyyə təşkilatının Gümrü, Vanadzor, Artaşat və İrəvandan olan 30 yetirməsi, o cümlədən, Ermənistanda sığınacaq tapan 10 suriyalı uşaq üçün toplar imzalayacaq.
Xeyriyyə aksiyasının gedişində futbolçu 2 adlı futbolka və 20 top da imzalayacaq. Onlar gələcəkdə xeyriyyə hərracına çıxarılacaqlar. Əldə olunan vəsait Ermənistanın müxtəlif uşaq evlərinə yönəldiləcək. Xeyriyyə aksiyası yarım saat davam edəcək.
Qeyd edək ki, Henrik Mxitaryan əvvəllər qondarma "Dağlıq Qarabağ Respublikası"nda da xeyriyyə aksiyasına qatılıb. Hazırda onun "Borussiya"nın heyətində "Qəbələ" ilə Avropa Liqası matçında iştirak üçün Bakıya buraxılıb-buraxılmayacağı geniş müzakirə mövzusuna çevrilib.