
Azərbaycan milli komandasının sabiq futbolçusu Emin Ağayevin baş məşqçi kimi çalışdığı Rusiyanın "Volqa" (Tver) komandası ilə bağlı xoşagəlməz faktlar ortaya çıxıb. Sportnet.az-ın kiçik araşdırması nəticəsində komandada gürcü hücumçular Giqa Mamulaşvili və Nodar Kavtaradzedən əlavə, əslən erməni yarımmüdafiəçi Asatur Sarqsyanın da çıxış etdiyi müəyyənləşib.
Rusiyada doğulan 21 yaşlı futbolçu 2014-cü ildən "Volqa"nın formasını geyinir.
Bundan başqa vaxtilə Azərbaycan millisinə də cəlb olunmuş Şamil Qurbanov da Tver komandasındadır. 22 yaşlı əslən dağıstanlı müdafiəçi qışda Ermənistanın "Uliss" komandasında baxışda olub. Bu, həm Azərbaycanda, həm də Ermənistanda birmənalı qarşılanmayıb. Futbolçunun özü iki ölkə arasındakı münaqişəyə qarışmaq istəmədiyini bildirərək, bu addımına haqq qazandırıb. Sonda Qurbanovun "Uliss"ə keçidi alınmayıb və o, yayda "Volqa"ya keçib.
Həm Sarqsyan, həm də Qurbanov sentyabrın 23-də Rusiya Kubokunun 1/16 final matçında ölkə çempionu "Zenit"ə qarşı sonadək mübarizə aparıb. Görüşün taleyini Sankt-Peterburq komandasının futbolçusu Denis Tkaçukun əlavə vaxtda vurduğu 3 qol həll edib - 3:0.
Əlbəttə, Emin Ağayev futbolçu olduğu vaxtlarda daim Azərbaycana bağlılığı ilə seçilib. O, bəzi komanda yoldaşlarından fərqli olaraq, hər çağırışda yığmanın düşərgəsinə can-başla qoşulub və komandamızın azsaylı uğurları üçün əlindən gələni əsirgəməyib. Onun baş məşqçi olduğu komandada erməni futbolçunun çıxış etməsinin peşəkarlığa zidd addım olmadığı qənaətinə gəlmək olardı. O mənada ki, Sarqsyan Rusiyada doğulub və azərbaycanlı mütəxəssisin baş məşqçi təyinatınadək "Volqa"da olub. Amma Ağayevdən sonra millimizin formasını geyinmiş Şamil Qurbanovun Ermənistan klubuna baxışa çəkinmədən getməsini və sonradan məhz həmyerlimiz tərəfindən "Volqa"ya qəbul edilməsini normal addım saymaq mümkün deyil.
Qeyd edək ki, Emin Ağayev "Volqa"ya bu ilin fevralında baş məşqçi təyin olunub. Hazırda Tver komandası Rusiya II Divizionunun Qərb zonasında 9 oyuna 19 xalla 2-ci pillədə qərarlaşıb.