- Avrokuboklarda 50-ci matçınıza çıxacaqsınız. Yubiley matçında qalib gəlməyin gərəkliyini futbolçular anlayırlar?
- Yubiley oyunumun olduğunu eşitmək xoşdur. Oyun sayı önəmli deyil. Amma belə oyunlarda Bakıda yaxşı oyun və yaxşı nəticə istəyirik. Ola bilsin, tapşırıqları yerinə yetirsinlər. Amma başqa amillər - istək, psixoloji amillər də rol oynaya bilər. İstərdim ki, qələbə əldə edək. Amma rəqibin də gücünü dəyərləndirməliyik.
- "Neftçi" ilə matçdan sonra Samuel Armenterosla kapitan Rəşad Sadıqov arasında gərginliyin olduğuna dair xəbərlər nə dərəcədə həqiqətə uyğundur?
- Gərginlik barədə yazılardan xəbərim yoxdur. Komandada əhval-ruhiyyə yaxşıdır. "Neftçi" ilə oyunda çoxsaylı jurnalist var idi. Belə halı nə mən görmüşəm, nə də siz. Boş vermək lazımdır.
- Qol vurduqdan sonra qələbəni qoruya bilmirsiniz. Komandanızı lazımi səviyyədə oyuna kökləmək üçün psixoloqa ehtiyac var?
- Psixoloq barədə mənə dəfələrlə sual verilib. Ola bilsin, başqa sahədə psixoloq lazım olsun. Amma mənim komandama psixoloq lazım deyil. Futbolla bağlı öz bacarıqlarını göstərə bilən psixoloqa ehtiyacımız yoxdur. "Tottenhem"lə görüşdə biz birini vurandan sonra 3-ünü buraxdıqsa, "Mançester Siti" 4-ünü buraxdı. Hər bir qol vuran komandanı rəqib müdafiəyə məcbur edir. Bu, futbolun qanunudur. Biz də belə halla rastlaşmışıq. Sabahkı oyunda heç bir psixoloji gərginlik olmayacaq. Çünki bu, "Tottenhem"dən fərqli oyun olacaq. Futbolçularım var gücləri ilə oynayacaqlar.
- Qələbəyə daha çox ehtiyacınızın və ev oyununuzun olduğunu nəzərə alaraq, sabah 2 hücumçu ilə oynamağı düşünmürsünüz?
- Mən nadir hallarda 2 hücumçu ilə oynayıram. Bəzən 3, bəzən 4 hücumçum olur. Sabah mən Reynaldonu cinaha çəksəm, ona yarımmüdafiəçi yox, hücumçu kimi baxacaqsınız. Hücumda ola-ola müdafiə olunmağı bacarmalıyıq. Digər tərəfdən, rəqibə öz oyununu sərgiləməyə imkan verməməliyik.
- Rəqibin hansısa futbolçusundan çəkinirsiniz?
- Sabah kollektiv oyuna üstünlük verəcəyik. Rəqibin hər bir futbolçusu nəticə verəcək gücdədir. Onlara qarşı fərdi oynasaq, bu, bizim çıxışımıza mənfi təsir edər.
- Bir xal sizi qane edəcək?
- Ümumiyyətlə, həmişə oyundan əvvəl yox, oyundan sonra nəticənin qane edib-etmədiyini demişəm. Çünki oyunumuza önəm verirəm. Zəif oyunla bir xal məni qane etməyə bilər.
- Rəqibin heyətində çəkindiyiniz futbolçular var?
- "Anderlext" ustalıq səviyyəsi yüksək olan və sürətli oyunçulardan təşkil olunub. Mərkəz hücumçusu Stefano Okaka, insaydları, iki ucaboy, cərimə zərbələrində təhlükəli mərkəz müdafiəçiləri var. Sağ cinah müdafiəçisi Andi Naxardan isə danışmaq istəmirəm. O, bütün hücumlarda təhlükəlidir.