Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışov oktyabrın 10-da İtaliya yığması ilə keçirəcəkləri AVRO-2016-nın seçmə qrup matçı barədə danışıb. Sportnet.az-ın məlumatına görə, 28 yaşlı müdafiəçi jurnalistlərə açıqlamasında Bakı Olimpiya Stadionundakı ilk oyuna ən azı 1 xal üçün çıxacaqlarını bildirib.
Onun sözlərinə görə, 4 qat dünya çempionları üzərində qələbə qazanılsa, bu, böyük sensasiya sayılacaq: "İtaliya ilə evdə oynayacağıq. Bakı Olimpiya Stadionunda ilk oyunumuz olacaq. Azarkeşlər də son zamanlar millidən yaxşı nəticələr gözləməyə başlayırlar ki, bu da sevindirici haldır. Çətin oyun olacaq. Rəqib dünyanın 5 ən güclü yığmasından biridir. Öz oyunumuzu sərgiləyərək, ən azı 1 xala ümid etməliyik. Reallıq budur ki, millimiz 1 xal üçün mübarizə aparmalıdır. Qələbə olarsa, bu, böyük sensasiya olacaq".
Bakı Olimpiya Stadionundakı ilk qarşılaşmanı maraqla gözlədiyini deyən Abışov bu görüşü onun özü üçün də böyük sürpriz adlandırıb: "Mənə də maraqlıdır ki, necə oynayacağıq və azarkeşlər stadionu nə dərəcədə doldura biləcəklər. Rəqib İtaliya millisi olsa da, maksimum müdafiədən oynayıb nəticə üçün çıxış edən komandadır. Yəni, "1:0 hesabı ilə udsaq da, təki 3 xal olsun" düşüncəsi ilə oyunlara çıxırlar. Sürətli futbol oynamırlar. Məncə, millimizin ən azı heç-heçəyə gücü çatar".
Qeyd edək ki, Azərbaycan - İtaliya matçı saat 21:00-da başlanacaq.