
Qətərin paytaxtı Dohada keçirilən boks üzrə dünya çempionatında Azərbaycanın 4 boksçusu medalı təmin edib.
Sportnet.az-ın məlumatına görə, yarımfinala yüksələn Elvin Məmişzadə (52), Albert Səlimov (60 kq), Pərviz Bağırov (69 kq) və Abdulqadir Abdullayevin (91 kq) ən azı bürünc medal qazanacağı müəyyənləşib.
Məmişzadə 1/4 finalda böyük britaniyalı Məhəmməd Əliyə vaxtından əvvəl qalib gəlib. Onun növbəti rəqibi əlcəzairli Məhəmməd Flissi olacaq.
Dünya və Avropa çempionu Səlimov fransalı Sofian Umihanı məğlub edib - 3:0. O, yarımfinalda braziliyalı Robson Donato Konseysao ilə üz-üzə gələcək.
Bağırov isə kubalı boksçu, 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı və 2012-ci il London olimpiadasının qalibi Roniel Sotolonqonu 3 raundun yekununda qalib gəlib - 2:1. O, yarımfinalda qazaxıstanlı Daniyar Yeleussinovla qarşılaşacaq. Hər 3 döyüş döyüş oktyabrın 12-də keçiriləcək.
Nəhayət, Abdulqadir Abdullayev argentinalı Yamil Peralta Yaranı üstələyib - 3:0. Yarımfinalda rəqib kubalı Erislandi Savon olacaq. Görüş bu gün keçiriləcək.
Əyarından asılı olmayaraq, 4 boksçumuzun dünya çempionatında medalı təmin etməsi tarixi nailiyyətdir. İndiyədək ən yaxşı halda yarımfinaladək 3 boksçumuz irəliləyə bilib. 2013-cü ildə Qazaxıstanın paytaxtı Almatıda keçirilmiş dünya çempionatda Cavid Çələbiyevlə (56 kq) Məhəmmədrəsul Məcidov (+91 kq) qızıl, Teymur Məmmədov (91 kq) bürünc medal əldə edib. Hazırkı mundialda Çələbiyevi Tayfur Əliyev əvəzləyib, Məcidov zədə üzündən iştirak etmir, Məmmədov isə imkanlarından xeyli aşağı çıxış edib.
Qeyd edək ki, digər boksçularımızdan Rüfət Hüseynov (49 kq), Tayfur Əliyev (56 kq) və Lorenso Sotomayor (64 kq) 1/4 finalda, Teymur Məmmədov isə 1/8 finalda mübarizəni dayandırıb.