Azərbaycanlı olimpiya çempionu İqor Ponomaryov keçmiş komandası "Norçöpinq"in 26 ildən sonra İsveç çempionu olmasına münasibət bildirib. 55 yaşlı mütəxəssis Sportnet.az-a müsahibəsində özünün də çıxış etdiyi 1989-cu ildə "Norçöpinq"in məhz "Malmö" üzərindəki qələbə sayəsində çempion olduğunu xatırladıb.
O, "göy-ağlar"ın çoxdan gözlənilən qələbəyə çətinliklə nail olduğunu bildirib: "Çoxları "Norçöpinq"in çempion olacağına sonadək inanmırdı. Bu klub I diviziona da düşmüşdü, geri də qayıtmışdı. Deyirdilər ki, çox gənc komandadır və s. Ürəkdən təbrik edirəm. Bir çox dostum mənə zəng edir və təbriklərini çatdırır. Özüm isə şəxsən təbrik etməmişəm, amma mütləq bunu edəcəyəm".
Qeyd edək ki, "Norçöpinq" tarixində 13-cü dəfə İsveç çempionu olub.