
Azərbaycan milli komandasının futbolçusu Rahim Əmirquliyev Moldova ilə keçirilmiş yoldaşlıq görüşündən sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir
- Yoldaşlıq görüşü haqda nə deyə bilərsən?
- Bizim üçün çətin oyun oldu. Baxmayaraq ki, yoldaşlıq oyunu idi, istəyirdik ilin sonuncu qarşılaşmasını qələbə ilə başa vuraq. Şükürlər olsun ki, belə alındı.
- İlk hissə ilə müqayisədə komanda ikinci yarıda bir az zəif çıxış etdi...
- İkinci hissənin sonunda yorğunçuluqdan, ya nədənsə komanda arxaya oturdu. Çoxlu qol imkanlarımız oldu. Böyük hesablı qələbə də qazana bilərdik, ancaq belə alındı.
- Oyuna kapitan sarğısı ilə çıxdın. Nə hiss keçirirdin?
- Kapitan kimi ilk olaraq Serbiyaya qarşı oynamışdım. Belə baxanda "Xəzər Lənkəran"da da kapitanam. Necə oynayıramsa, elə də davam edirəm. Mənim və ya başqasının kapitan olmağının fərqi yoxdur.
- 2015-ci ili milli üçün necə dəyərləndirirsən? Fikrincə uğurlu oldu?
- Düzdür, başlayanda pis başladıq - 4 məğlubiyyət olmuşdu. Ancaq məşqçi dəyişikliyindən sonra Bolqarıstanla oyunu çıxsaq, uğurlu saymaq olar. Yenə də çalışmalıyıq ki, gələn tsikldə bundan da yaxşı nəticə göstərək.
- DÇ-nin seçmə qrup mərhələsində neçə xal toplamaq olar? Qrupumuzda San Marino millisi də var...
- İndidən nəsə demək çətindir. Asan rəqib yoxdur, amma çalışacağıq ki, yaxşı nəticələr qazanaq. İnşallah alınsa, qrupdan da çıxaq.