
Azərbaycanın qadın voleybolçulardan ibarət "Telekom" və "Lokomotiv" klubları Çempionlar Liqasında III turun oyunlarını keçiriblər. Sportnet.az-ın məlumatına görə, hər iki komanda Almaniya təmsilçiləri ilə qarşılaşıb.
A qrupunda yer alan "Lokomotiv"ə Ştutqart şəhərinin MTV klubu rəqib olub. Bakıdakı Voleybol Mərkəzində baş tutmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:0. Birinci və üçüncü setdən 25:18, ikinci setdən isə 25:17 hesablı üstünlüklə ayrılan "Lokomotiv" qrup mərhələsində ardıcıl ikinci qələbəsini qazanıb. Daha öncə bu klub "Azərreyl"i 3:1 hesabı ilə yenib. İlk turda Rusiyanın "Dinamo" (Kazan) komandası ilə səfər matçında məğlubiyyət qeydə alınıb - 1:3. Qrupda 3-cü turun digər matçında "Azərreyl" noyabrın 26-da Kazan "Dinamo"sunun qonağı olacaq. Hazırda "Lokomotiv" "Dinamo" ilə birgə 6 xalla ilk 2 yeri bölüşür.
"Telekom" isə "Drezdner"in qonağı olub. Hər 3 setdə üstün olan meydan sahibləri eyni hesablı qələbəyə imza atıb - 3:0 (25:16, 25:21, 26:24). Bununla da "Telekom" ardıcıl 3-cü məğlubiyyətə düçar olub. Əvvəlki 2 oyunda Azərbaycan təmsilçisi Polşa "İmpel"inə 0:3, Türkiyə "Fənərbağça"sına 2:3 hesabı ilə uduzub. Hazırda Zoran Qayiçin baş məşqçi olduğu komanda 1 xalla E qrupunda sonuncudur.