"Günəşli yatağındakı faciəvi hadisə ilə əlaqədar hamımız üzüntü keçiririk. Xalqımıza, dövlətimizə, ailələrə səbr diləyirik. Ümid edirik ki, itkin düşənlər tapılacaqlar". Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın kapitanı Rəşad Sadıqov evdə "İnter"ə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XV tur matçından sonra deyib.
Təcrübəli müdafiəçi oyunun gərgin keçdiyini bildirib: "Ən azı, "İnter"in məğlub olmamağa çalışacağı bilirdik. Rəqib bizə çətin anlar yaşatdı. Çətin günlər yaşasalar da, "İnter"in futbolçuları mübarizə aparır, peşəkarlıq nümayiş etdirirlər. Göstərirlər ki, futbolu təkcə pula görə oynamırlar".
Sadıqov dekabrın 10-da Belçikada "Anderlext"ə qarşı keçirəcəkləri Avropa Liqasının son tur matçı ilə əlaqədar aparıcı futbolçulardan Riçard Almeydanın ehtiyatda qaldığını, özü və Dani Kintananın ikinci hissənin ortalarında əvəzləndiyini, Çumbinyonun isə fasilədən sonra meydana daxil olduğunu açıqlayıb: "Oyundan öncə məşqçilər bildirmişdilər ki, 65-70 dəqiqə oynaya biləcəksən. Yenidən zədə almamaq üçün 65 dəqiqə oynadım. Çox sıx qrafikdəyik. Müəyyən itkilərimiz var. İstədiyimiz heyətlə oynamırıq. Optimal formada deyilik. Bu dövrdə baxımlı və sürətli futbol göstərmək asan deyil. Amma yenə də öz dəst-xəttimizi göstərməyə çalışırdıq. Bu gün 3 xal qazanmaq bizim üçün çox önəmli idi. Önəmli futbolçuları isə "Anderlext"lə keçirəcəyimiz matçla əlaqədar qorunması məqsədəuyğun sayıldı".
"Qarabağ"ı Belçikada ağır oyunun gözlədiyini deyən kapitan "Neftçi"də çıxış etdiyi vaxt - 10 il öncə səfərdə "Anderlext"ə 0:5 hesabı ilə uduzduqları Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununu xatırladıb.