
"İnter"in yarımmüdafiəçisi Asif Məmmədovun Sportnet.az-a müsahibəsi
- "Elfsborq"la geridə qalan ilk matç haqda nə deyə bilərsiniz?
- Səfərdə oynamağımıza baxmayaraq, qələbə qazandıq. Çoxları bizim qalib gələcəyimizi gözləmirdi. Oyunu yaxşı analiz etmişdik və rəqibin harada boşluqlarının olduğunu bilirdik. Ancaq daha da böyük hesab ola bilərdi. Bir çox qol imkanını boşa verdik. Buna baxmayaraq, komandamız yaxşı oynadı.
- Rəqibi necə dəyərləndirirsiniz: Həqiqətənmi "Elfsborq" güclü komandadır?
- Hamı bilir ki, İsveç çempionatı necədir. Hazırda orada çempionat gedir. Bizə baxanda onlar tm hazırdır. Yəni, biz toplanışdan gəlmişik, onlra isə hələ oynayır. Rəqib ağıllıdır və qarşıda bizi daha da çətin oyun gözləyir. Düşünürəm ki, cavab oyununda ilk görüşdə yol verdikləri səhvləri təkrarlamayacaqlar.
- İsveçdəki oyunda "İnter"in start heyətində 10 legioner çıxmışdı. Yerli futbolçulara inamsızlıq nədən irəli gəlir?
- Mən buna inamsızlıq deməzdim. Baş məşqçi necə məsləhət görürsə, elə də olur. Məsələn, Moldova "Tiraspol"u ilə səfər oyununda mən də, Elvin də, Arif də meydanda idik. Hansı oyunçu meydanda özünü yaxşı göstərirsə, ona da şans verilməlidir. Mən neçə ildir "İnter"dəyəm və bütün avrokuboklarda oynamışam.
- Elvin Məmmədov ilk təsnifat mərhələsində "Tiraspol"la səfər oyununda oynadı və qol vurdu. İndi onun yoxluğu komandaya necə təsir edir?
- Moldovada komandaya kömək elədi və özü də vurdu. Futbolda belə hallar olur. İnanıram ki, tezliklə sağalacaq. Lakin komandada başqa oyunçular var. Çalışırıq ki, kiminsə yoxluğunu hiss etdirməyək. Elvin yaxşı forma yığmışdı. İnşallah, yenə də öz formasına qayıdar.
- Mərhələ keçəcəyiniz təqdirdə hansı klublarla qarşılaşacağınızdan xəbəriniz var?
- Bəli, biri Belarus təmsilçisidir, digəri isə İslandiya.
- Bir futbolçu kimi rəqibləriniz barədə məlumat toplamısınız?
- Açığı, o qədər də yox. Ancaq bilirəm ki, Belarus futbolu son zamanlar inkişafdadır. Düşünürəm ki, İslandiya futbolu da zəif olmaz. Ancaq mənə elə gəlir ki, zəif komanda anlayışı yoxdur. Əgər sorğu keçirsəydik ki, "Elfsborq" - "İnter" oyununda kim udar, hamı deyəcəkdi ki, "İnter" uduzacaq, ən yaxşı halda heç-heçə edəcək. Bundan əlavə, həmin oyuna köklənmək lazımdır.
- "Qarabağ" və "Neftçi"nin çıxışını necə qiymətləndirirsiniz?
- Düzü, baxa bilmədim. Çünki biz səfərdə idik. İnanıram ki, "Qarabağ" mərhələ keçəcək. "Neftçi"nin də bəxti gətirməyib. Rəqib 2 hücum edib və 2 qol vurub. "Neftçi"yə də inanıram. Amma "Qarabağ" evdə oynayacağından, üstünlüyü daha çoxdur.
- İlk mərhələdə "Tiraspol"la Bakıda keçirilmiş oyunda gözlənilən azarkeş dəstəyi olmadı. Bunun səbəbini nə ilə izah edərdiniz?
- Mən deməzdim ki, bizim oyunda azarkeş olmadı. Çünki daxili çempionatda elə azarkeş gəlir ki, indi bu, çox görünür. Düzü, daha çox azarkeş gözləyirdim. İstərdim ki, "Elfsborq"la oyunda stadion dolsun və rəqib hiss etsin ki, səfərdə oynayır. "Neftçi", "Qarabağ", "Xəzər Lənkəran" və digər klubların azarkeşlərini də stadionumuza dəvət edirəm. Azarkeşlər bizi alqışlayanda özünə inam olur. İnşallah, biz mərhələ keçərik və xalqın da inamı artar.
Rövşən ƏHLİMANOĞLU