
"Adrian Pit psixoloji problemdən əziyyət çəkdiyindən, müqaviləsi yenilənməyib". Bunu Sportnet.az-a açıqlamasında "Xəzər Lənkəran"ın mətbuat katibi Hüseyn Cəbrayıloğlu deyib.
Klub rəsmisi bildirib ki, rumıniyalı legionerin FİFA və UEFA-ya şikayət etməsindən çəkinmirlər. Onun sözlərinə görə, ötən mövsüm komandanın əsas heyətindən kənarlaşdırılmış futbolçunun bonusdan danışması absurddur: "Məgər biz ötən mövsüm kubok almışıq, çempion olmuşuq ki, Pit bonus istəyir?"
Qeyd edək ki, Adrian Pit "Xəzər Lənkəran"a 2011-ci ildə transfer olunub. O, 2013-cü il iyulun 25-də "Xəzər Lənkəran"ın İsrailin "Makkabi" (Hayfa) komandası ilə keçirdiyi Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşündə 0:8 hesablı məğlubiyyətdən sonra transferə çıxarılıb. Lakin Pit hələ də özünə yeni komanda tapa bilməyib.