"Neftçi" klubunun futbolçusu Mirhüseyn Seyidovun Sportnet.az-a müsahibəsi
- Azərbaycan Kubokunun finalında "Qəbələ” ilə qarşılaşacaqsınız. Hazırda komandada ab-hava necədir?
- Çempionatı da 4-cü pillədə başa vurduğumuzdan, kubok oyununu daha ciddiyə alırıq. Hazırda komandada olan yeganə fikir kuboku qazanmaqdır. Elə etməliyik ki, "Neftçi” bu mövsüm titulsuz qalmasın.
- Hazırda finaldakı rəqibiniz də çox güclüdür. Sizcə, "Neftçi”nin kuboku qazanma şansı necədir?
- "Qəbələ” ilə oyunlarımızın çoxunda biz qalib gəlmişik. Onların da yaxşı heyəti var. Amma biz bu mövsümü titulsuz başa vurmaq istəmirik.
- Sizcə, ötən mövsümün çempionu bu il niyə büdrədi?
- Çempionat uzun marafondur. Komandamız bu mövsüm elə də pis təsir bağışlamadı. Hərdən belə şeylər olur. Bu mövsüm rəqib komandalar da güclü idi. Misal üçün "Qəbələ”ni vurğulayardım. Onlar yaxşı çıxış elədilər. "İnter” də ikinci dövrə yaxşı oynadı. "Qarabağ” daha yaxşı möhkəmləndi. Rəqiblərimiz yaxşı transferlər etdilər və 2-ci dövrəyə tam hazır oldular.
- Ola bilər ki, "Neftçi” çempion komandanın əsas futbolçuları olan Nikolas Kanales və Culius Vobayın yerini doldura bilmədiyi üçün belə zəiflədi?
- Bəli, ola bilər. Düzdür, Kanales çoxlu qol vurdu, bombardir oldu. Amma Ernest Nfor da pis oyunçu deyil. Onların vaxtında komanda daha yaxşı inkişaf eləmişdi. Həm çempionatda, həm də Avropa Liqasında daha yaxşı çıxış edirdik. İndiki komandamızda da heyətə düşmək mümkün deyil, amma onlar çox təcrübəl idilər və komandaya çox xeyir verdilər.
- Artıq mövsüm başa çatıb. Sizin klubla müqaviləniz davam edir, ya necə?
- Mənim klubla 1 illik müqaviləm var. Hələ rəhbərliklə danışmamışıq. Danışaq, görək necə məsləhət olar, elə də edərik. Hesab edirəm ki, final matçından sonra hər şeyə aydınlıq gələcək.
- Hazırda Sizin adınız "Araz Naxçıvan”la da hallanır. Buna münasibətiniz necədir?
- "Araz Naxçıvan” da yüksək liqaya vəsiqə qazanıb. Amma mənim hazırda "Neftçi” ilə müqaviləm var. Gərək rəhbərliyimiz mənə icazə verə ki, mən də başqa klublarla danışıq apara biləm. Hazırda bu, mümükün deyil. Çünki mən "Neftçi”nin futbolçusuyam.