
"Qarabağ" klubunun heyətinə qatdığı Şəhriyar Əliyev və Namiq Ələsgərov keçmiş klubları "Bakı"nın iddialarına cavab veriblər. Sportnet.az-ın məlumatına görə, hər iki oyunçu Ağdam klubunun rəsmi saytına məsələ ilə bağlı açıqlama verib...
Şəhriyar Əliyev: "Təbii ki, "Bakı" öz istəyin bildirə bilər. Amma burda başqa məsələ var. Mən "Bakı" Futbol Klubu Akademiyasının yetirməsi deyiləm. 17 yaşımadək məhz "Qarabağ"da oynamışam. Daha sonra "Bakı"ya keçmişəm. Akademiyanın yetirməsi sayılmaq üçün isə gərək 17 yaşdan aşağı olanda bura gələydim. Yəni, mən elə "Qarabağ"ın yetirməsiyəm. 17 yaşımda "Bakı"nın əvəzedici heyətinə keçmişəm və burada 2 il oynadıqdan sonra əsas komandaya götürüblər. Başqalarını bilmirəm, amma mənimlə olan məsələ bu cürdür".
Namiq Ələsgərov: "Bakı"nın mənə görə "Qarabağ"dan pul tələb etməsi barədə heç nə deyə bilmərəm. Bu məsələ mənə aid deyil. Bir şeyi bilirəm ki, mən "Qarabağ"a qanuni şəkildə keçmişəm, heç bir qaydanı pozmamışam. Eşitmişəm ki, məni "Bakı"nı atıb getməkdə günahlandırırlar. Amma məni da başa düşmək lazımdı. Yarım il idi pul almırdım, amma oynayırdım. Daha nə etməliydim ki? Mən də yaşamalıyam, ailəmə çörək pulu qazanmalıyam. Məni günahlandıranlar özləri 6 ay pulsuz qalarlar? Mən son ana kimi hər şeyin yaxşı olacağına ümid edib, gözlədim. Amma düzəlmədiyini görüncə özümə klub axtarmağa başladım".