
"Neftçi" klubu Serbiya "Partizan"ı ilə Avropa Liqasının "pley-off" mərhələsinin cavab görüşünü Tofiq Bəhramov adına Respublika stadionunda keçirməyə qərar verib. Bu barədə Sportnet.az-a stadionun direktoru Akif İsmayılov məlumat verib.
İsmayılovun sözlərinə görə, bir saat öncə klub rəsmiləri mərkəzi arenada olaraq, ot örtüyünün durumu ilə maraqlanıblar. Onlar həmçinin, meydana qulluq edən ingiltərəli mütəxəssislərlə söhbət aparıblar. Müzakirələrdən sonra qərara alınıb ki, "Partizan"la görüş elə Respublika stadionunda keçirilsin. Biletlərin satışı isə avqustun 24-dən bərpa olunacaq.
Qeyd edək ki, daha öncə "Neftçi" rəhbərliyi Respublika stadionundan imtina edərək, "Partizan"ı "Bakcell Arena"da qəbul etmək istəyi ilə UEFA-ya müraciət etdiklərini açıqlamışdı.