Nəcəfovun sözlərinə görə, namizədlər əcnəbilərdir. Onlar rusiyalı, ukraynalı, xorvatiyalı və bolqarıstanlıdırlar. Klub rəsmisi ad çəkməsə də bildirib ki, komandanın sükanını əvvəlki baş məşqçi Yuri Syomin qədər ad-sanlı olmasa da, nəticələri göz qabağında olan mütəxəssisə etibar edəcəklər: "Açığı, Syomin "Neftçi" ilə final matçımız başa çatanadək qəti bir söz demirdi. Biz də hər ehtimala qarşı müəyyən namizədləri gözdən keçirirdik. Əslində biz onu əvvəlki klublarında aldığından aşağı məbləğə gətirmişdik. Gözləyirdik ki, 1 illik anlaşması başa çatan kimi yeni müqaviləsini daha yüksək məbləğə bağlamaq istəyəcək və bizim də həmin məbləği ödəmək imkanımız olmayacaq. Amma final görüşündən sonra Yuri Pavloviç "Qəbələ"yə bütün gücünü qoyduğunu və getmək istədiyini bildirdi. O, bir müddət istirahətə ehtiyac duyduğunu, Bakıdan Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcək Çempionlar Liqasının final matçına, oradan da Braziliyada təşkil olunacaq dünya çempionatına yollanacağını söylədi. Syominin bu sözləri bizim üçün bir qədər gözlənilməz oldu. Amma əvvəlcədən işimizi ehtiyatlı tutduğumuzdan, gözdən keçirdiyimiz namizədlərlə danışıqlara başlamaq elə də çox vaxtımızı almadı. İnşallah, yaxın bir həftə ərzində yeni baş məşqçimiz müəyyənləşəcək və hamınız bundan xəbər tutacaqsınız".
Qeyd edək ki, Yuri Syomin "Neftçi" ilə Azərbaycan Kubokunun final matçında penaltilər seriyasında məğlubiyyətdən sonra "Qəbələ"nin baş məşqçi postundan istefa verib.