Yuri Syomin "Qəbələ"nin baş məşqçi postundan istefası ilə əlaqədar növbəti açıqlama verib. Sportnet.az-ın məlumatına görə, rusiyalı mütəxəssis "Sport den za dnyom"a müsahibəsində Azərbaycan klubu ilə dünya çempionatını izləməkdən ötrü vidalaşdığını etiraf edib.
Syomin deyib: "Dünya çempionatına yollanmaqdan ötrü işimdə kiçik fasilə götürmək istədim. Braziliyaya adi turist kimi dostlarımla gedəcəyəm. "Qəbələ" Avropa Liqasına vəsiqə qazandığından, hazırlığa erkən başlamalıdır. Mən isə planlarımı dəyişmək istəmədim. Mənim üçün ən vacibi "Qəbələ" rəsmiləri ilə dost kimi qalmaqdır. Gələcəkdə də bir-birimizə kömək edəcəyik".
Təcrübəli mütəxəssis Rusiya Premyer Liqasına qayıdışı hər bir baş məşqçi üçün maraqlı saysa da, bu dönüşün bir çox amildən asılı olduğunu bildirib.
Qeyd edək ki, dünya çempionatı iyunun 12-dən iyulun 13-dək davam edəcək. "Qəbələ" isə Avropa Liqasının I təsnifat mərhələsində ilk görüşünü iyulun 3-də keçirəcək.