
Hollandiyalı hücumçu Melvin Platye "Neftçi" ilə müqaviləsini pozmağa hazırlaşır. Sportnet.az-ın məlumatına görə, bu barədə 26 yaşlı futbolçunun özü "Voetbal International"a açıqlama verib.
O bildirib ki, flaqmanla yollarını ayıracağına 99 faiz əmindir. Platye "Neftçi"də möhkəmlənə bilməməsinə legioner limitini səbəb göstərib: "Azərbaycanda hər bir klub əsas heyətdə cəmi 5 legionerə (əslində 6 legionerə - red.) yer verə bilər. "Neftçi"də isə 13 legioner var. Bu səbəbdən, əsas heyətdə yer tapmaq, sadəcə, çox çətindir. İndi klubla müqaviləmi pozacağıma dair prinsipial razılığa gəlmişəm. Onlar mənə problem yaratmayacaqlar. Ən əsası, imza atmaqdır. Buna 100 faiz olmasa da, 99 faiz əminəm".
Təcrübəli forvard karyerasını Hollandiya və ya digər əcnəbi ölkədə - özünü daha yaxşı hiss edə biləcəyi klubda davam etdirəcəyini bildirib.
Qeyd edək ki, Melvin Platye "Neftçi"yə 2013-cü ilin yayında Hollandiya NEC-indən keçib. Onunla 2 illik müqavilə bağlanılıb. Lakin Platye yarım mövsüm ərzində 14 oyuna cəmi 1 qol vurub. Nəticədə hollandiyalı hücumçu qışda İsveç "Kalmar"ına 6 aylıq icarəyə verilib. Hazırda futbolçunun icarə müqaviləsi bitib və daha bir mövsüm "Neftçi" ilə müqaviləsi qüvvədədir.