Bolqarıstan milli komandasının baş məşqçisi Lyuboslav Penev Azərbaycan yığması ilə AVRO-2016-nın seçmə qrup matçından sonra mətbuat konfransında alqışlarla qarşılanıb. Sportnet.az-ın məlumatına görə, Penev isti qarşılandığı üçün təşəkkür edib.
O, yığmamıza gələcək oyunlarda uğurlar arzulayıb. Sonra ona suallar verilib:
- Bolqarıstanda hansısa baş məşqçini istefaya göndərmək üçün o, neçə dəfə uduzmalıdır?
- Bu, mənə aid olmayan sualdır, buna qarışmaq istəmirəm. Mən ancaq özümə aid suallara cavab vermək istəyirəm. Nəticə yoxdursa, baş məşqçi istefa verməlidir. Amma gəlin, oyundan danışaq.
- Oyundan öncə bolqarlar Bakıda 2 qol vuracaqlarını deyirdilər. Bu inam hardan yaranmışdı?
- Mən hələ dünən sizə demişdim ki, Azərbaycan millisinin necə oynadığını bilirik. Bu gün şanslarımızdan yararlandıq.
- Millimizin oyununu Rusiyada da izləmişdiniz. Bugünkü ilə o oyun arasında fərq var idi?
-
Mən həmin oyunu izləmişdim. Fərqli oyunlar idi və həmin oyunda yığmanızın zəif cəhətlərini tapmışdım.
- Azərbaycan millisindən belə zəif oyun gözləyirdiniz?
- Bəli, mən gözləyirdim. Biz oyuna 1 aydan çox hazırlaşmışdıq və taktiki cəhətdən komandanızı yaxşı təhlil etmişdik. Bu gün 1 xal qazansaydıq da, mən hesabla razı olardım.