Azərbaycan milli komandasının sabiq baş məşqçisi Şahin Diniyevin Sportnet.az-a müsahibəsi
- Milli komandamızın Bolqarıstanla oyunu barədə fikirləriniz necədir?
- Səmimi danışmağı xoşlayan insanam. Rusiya ilə oyunda millimiz acınacaqlı vəziyyətdə idi. Bolqarıstanla matçda isə futbolçular meydanda vuruşdular və onlarda istək hiss olunurdu. Ancaq səviyyə məsələsi var. Millimizdə son ötürmələrdə, hücümun qurulmasında və tamamlanmasında problemlər var, ancaq yığma komandamız son iki matça görə yaxşı oynadı. Futbolçular həm taktiki, həm də psixoloji cəhətdən yaxşı mübarizə aparırdılar və Bolqarıstan qarşısında aciz qalmadılar. Azarkeş kimi yox, məşqçi kimi futbolçuları qınamaq düzgün olmazdı.
- Berti Foqtsun meydana buraxdığı start "11-liy”i Sizin üçün gözlənilən idi?
- Bu gün nə siz, nə də mən millidəki futbolçuların hansı vəziyyətdə olduğunu dəqiq deyə bilərik. Bunu ancaq baş məşqçi bilir və hansı futbolçuların onun oynadacağı futbol taktikasına uyğun gəldiyini məşqlərdə görür. Start heyətinə gəlincə, mən ilk "11-lik”də hansısa acınacaqlı səhv görmədim. Sözümün əvvəlində dediyim kimi futbolçular vuruşdular, ustalıqları olmasa belə, meydanın hər qarışı uğrunda mübarizə apardılar. Heyətlə bağlı böyük bir problem görmədim. Ola bilər ki, hansısa mövqedə başqa futbolçu olsaydı, fərqli nəticə alınardı, ancaq buna 100 % zəmanət vermək olmur.
- Təcrübəli mütəxəssis kimi məğlubiyyətin səbəbini nədə görürsünüz?
- Gəlin, reallıqla barışaq. Futbolçularda motivasiya və istək olsa da, ustalıq çatmırdı. Biz hər şeydə maksimum nəticə istəyirik, amma reallıq ondan ibarətdir ki, Bolqarıstan milli komandasının heyətindəki futbolçular İtaliya, İngiltərə və İspaniya kimi ölkələrin liqalarında oynayırlar. Bizim futbolçular isə Azərbaycan çempionatında oynayır və bu, çox şeydən xəbər verir.
- Seçmə mərhələdən əvvəl verilən açıqlamalarda yığmamızın ilk "üçlüy"ə düşmək uğrunda mübarizə aparacağı deyilirdi. Hesab 1:1 olan zaman baş məşqçi Berti Foqts meydana müdafiəçi, səfərdə oynayan Bolqarıstan millisi isə hücümçu daxil etdi. Bu dəyişiklikləri necə dəyərləndirərdiniz?
- Bilirsiniz, bir var reallıq, bir var istək. Reallıqla istək heç vaxt üst-üstə düşməyən varlıqlardır. Bolqarıstan millisi 3-cü yer uğrunda mübarizədə birbaşa rəqiblərimizdəndir və 3 xal qazanmaq lazım idi, bu, istəkdir. Ancaq oyunun gedişində elə reallıqlar var idi ki, məşqçi də onlara uyğunlaşdı. Mən millimizin Özbəkistan və Rusiya ilə oyunlarından sonra yığmamız və baş məşqçi haqqında çox neqativ danışmışdım. Ancaq, indi neqativ danışa bilmərəm. Çünki görürsən ki, qələbə qazanmağa gücün çatmır, o zaman ən azı heç-heçə hesabını saxlamalısan. Buna görə də baş məşqçinin dəyişiklikərini labüd hesab edirəm və həmkarım haqda səmimiyəm.
- Avropa çempionatının reqlamentində edilən dəyişikliklərdən sonra millimizdən hamı daha çox ümidli idi. Lakin Bolqarıstana məğlubiyyət azmış kimi, Berti Foqtsun mətbuat konfransı bitmədən zalı tərk etməsi heç də birmənalı qarşılanmadı. Bu barədə nə deyə bilərsiniz?
- Bu da başa düşüləndir, çünki o da robot deyil, insandır. Əlbəttə, onun hərəkətini düz saymıram, gərək səbirli olub, sonacan mətbuat konfransının başa çatmasını gözləyərdi. Həm uduzması, həm də jurnalistlər tərəfindən tənqid olunmasına əsəbləri tab gətirə bilmədi.
- Foqts artıq 6 ilə yaxındır ki, millimizdədir. Yığmamızın keçmiş baş məşqçisi kimi 6 il əvvəlki milli ilə indiki arasında hansı fərqləri görürsünüz?
- Bilirsiniz, bu, Messi ilə Maradonanı, Ronaldo ilə Peleni bir-biri ilə müqayisə etmək kimi bir şeydir. Hər bir dövrün özünəməxsus futbol fəlsəfəsi, ölkənin futbola göstərdiyi diqqəti və qayğısı var. Buna görə də dəqiq bir söz demək çətindir. Deməzdim ki, məni vaxtımdakı milli daha güclüdür və ya zəifdir. Fərq əlbəttə, var, o vaxtki millimizlə indiki yığmamız arasında həm müsbət, həm də mənfi cəhətlər çoxdur. Bu haqda Şahin Diniyevin və ya Berti Foqtsun şərh verməsi bir az etik qaydalara zidd hesab olunur.
- Bundan sonrakı oyunlarda millimizdən nə gözləmək olar?
- Millimizi növbəti oyunlarda ardıcıl İtaliya və Xorvatiya kimi yığmalarla çətin oyunlar gözləyir, amma biz sonacacan yığmamıza dəstək olmalıyıq. Hər şey pillə-pillə olmalıdır. Bizim yığmanın ilk məqsədi Malta millisini qabaqlamaqdır, daha sonra yüksək yerlər haqqında düşünmək lazımdır. Millinin başında duranın və millidə oynayanların kimliyindən asılı olmayaraq yığmamıza inanmaq lazımdır.
- Son üç oyunu gördükdən sonra yığmamızdan qrupda ilk 3 pillə uğrunda mübarizə aparma potensialını görürsüz?
- Azərbaycan milli komandası daima gözlənilməz nəticələr qazanan bir yığmadır. Mən komandamızın Özbəkistan və Rusiya yığmaları ilə görüşündən sonra Bolqarıstanla oyundan qorxduğumu amma həm də millimizin digər iki oyuna görə daha yaxşı oynayacaqını qeyd etmişdim. Ola bilər ki, bolqarlara məğlubiyyət millimizə yaxşı təsir göstərsin və yığmamız İtaliya, Xorvatiya və Norveçlə qarşılaşmalarda daha da yaxşı motivasiyalı olsun. Buna görə də millimizə proqnoz vermək çox çətindir.
Vasif MƏMMƏDOV