
"Xəzər Lənkəran"ın futbolçusu Rəşad Sadiqovun Sportnet.az-a müsahibəsi
- "Qəbələ" ilə matç barədə nə deyə bilərsiniz?
- Yaxşı başlamışdıq. Sadəcə ilk hissədə qol epizodlarından yararlana bilmədik. İkinci hissəyə isə həqiqətən də pis başladıq. Dərhal qapımıza qol girdi və komandamız, necə deyərlər, bir az təlaşa düşdü. Sonradan toparlandıq və qol vurduq. Qalib də gələ bilərdik, amma heç-heçə oldu.
- Cavab qolu rəqib müdafiəçilərinin kobudluğundan sonra vuruldu. O qol olmasaydı, yenə uduza bilərdiniz...
- Açığı, "Qəbələ" də adi epizoddan fərqləndi. Nəsə yaradıb qol vurmadılar. Bu da səhvimizdən oldu. Ona görə "onlar vurmasaydı, biz vurmasaydsıq, səhv etməsəydik elə şeylər olmayacaqdı" kimi fikirlər irəli sürmək olmaz. Futbol səhvlər üzərində qurulub.
- Komandanızın qeyri-stabil çıxışı nə ilə bağlıdır?
- Əslində həqiqətən yaxşı oynayırıq. Hər oyunda çoxlu qol epizodları yaradırıq. Sadəcə, yararlana bilmirik. Bu oyunda da çox yaratdıq, yararlana bilmədik. Komandamız da yeni qurulub. İnşallah, mənə elə gəlir ki, düzələcək, yaxşı olacaq.
- Hücum xəttinizdə problem yoxdur?
- Sırf hücumçu kimi təkcə Rauf Əliyev oynayır. Ola bilsin, ona çox güc düşür. Qışadək tək oynamaq Raufa çətin olacaq. Bir hücumçu ilə hər bir kluba çətin olar. Amma çalışacağıq ki, nəsə edək.
- Premyer Liqadakı fasilə komandanıza necə təsir edəcək?
- Bilmirəm. Yəni, hələ bilinmir ki, "Xəzər Lənkəran"dan kimləri çağırıblar. Ola bilsin bir–iki futbolçu, ola bilər daha çox çağırılsın. Onsuz da həmişə belə olur. Açığı, milli komanda həmişə bir az tez yığılır. Fasilənin hansı kluba doğrudan da zərər və ya xeyir verəcəyini oyunlarda görəcəyik. İndidən qəti fikir söyləmək mümkün deyil.
- 3 həftəlik fasilədən sonra "Bakı"nı qəbul edəcəksiniz. Elə də yaxşı günlərini keçirməyən komandaya qalib gələcəyinizə əminsiniz?
- Çalışacağıq. Mənə elə gəlir ki, qələbə qazanacağıq. Komandamız get-gedə özünə gəlir. Məncə, daha yaxşı olacaq.
İlkin SULTANLI