Elvin ƏHƏD
Son vaxtlar PFL-lə bağlı cərəyan edən hadisələrin kökündə bir ciddi rezonansın olduğu diqqət çəkməyə bilər. Amma əslində burada kiçik də olsa, çox maraqlı və perspektivli məqamlar var. Hansı ki, hadisələrin gedişatı belə düşünməyə əsas verir. Ki, AFFA-nın baş katibi Elxan Məmmədovun PFL prezidenti Ramin Musayevi "ofsayd”a salma planı yavaş-yavaş gerçəkləşmək üzrədir.
PFL səlahiyyətlərinin müxtəlif radiusda məhdudlaşdırılması sizə adi proses kimi gəlməsin. Bu, planlı şəkildə həyata keçirilir və əlbəttə, baş rolda yer alan bizim "Zorro” Elxan Məmmədovdur. Məşhur filmdəkindən fərqli, bu ssenarinin sonunda da "qara maska”lının kimliyi rəsmən ortaya çıxmayacaq. Amma təbii, futbol ictimaiyyəti PFL rəhbərinin hardan "vurulduğunun” fərqindədir.
Elə bilirsiniz, Premyer Liqada son turlarda əlavə köməkçi hakimlərin iş başında olmamaları təsadüfdür? Yoxsa fikirləşirsiniz ki, PFL-in təhlükəsizlik xidmətinin ləğv olunmasında qeyri-adi bir şey yoxdur? Statistikaya özünüz də baxın: Geridə qalan 7 turun yalniz ilk 2-də PFL əlavə köməkçi hakimlərdən istifadə edib, o da cəmi 2 oyunda. Ardıcıllıq üzrə qalan turlarda, ümumiyyətlə, əlavə hakimlər olmayıb. Bunlar Premyer Liqaya ayrılan maliyyənin kəsilməsi demək deyilmi?
Yaxud elə çempionatda yaranan 3 həftəlik fasilə olsun. Berti Foqtsun komandaların yenicə sürət yığmağa başladıqları vaxtda "STOP" deyib də millimizi Almaniyaya çağırmasını (bəli, çağırması) götürək. Siz bununla bağlı baş katibin verdiyi cavaba baxın: "Klubların avrokubok oyunlarına görə çempionat təxirə salına bilər, milliyə görə yox?" Klubların oyunlarına görə çempionatı təxirə salan Ramin Musayevdir. Bəs "milli naminə" təxirə saldıran kimdir?
Bu kimi xırda, əslində kifayət qədər ciddi məqamlar çoxdur. Və əlbəttə, proseslər havadan gəlmir, baş katibin altını cızdığı planların tərkib hissəsidir.
Elnur Məmmədovu tanıyırsınız da, həmsoyad olsalar da, Elxan Məmmədovun qardaşı deyil, amma baş katib ona qardaş münasibəti göstərir. Əvvəlcə AFFA-da işlə təmin etdi, bir xeyli təcrübə topladı. İndi isə budur, Elnur Məmmədov "Neftçi”nin vitse-prezidentidir! Gecə yuxunuza girib and-aman eləsələr ki, Məmmədovu "Neftçi”yə sırf futboldakı xidmətlərinə görə (?!) Sadıq Sadıqov dəvət edib, əsla inanmayın. Ağ yalandır! Bayaq qeyd etdiyim kimi, bu, PFL bossu Ramin Musayev cənablarının imkanlarının məhdudlaşdırılması istiqamətində daha bir ciddi addımın nəticəsidir.
Heç kimə sirr deyil ki, Tahir Süleymanovu "Neftçi”yə məhz Musayev gətirmişdi. PFL şefi də vaxtilə AFFA prezidenti Rövnəq Abdullayevlə birlikdə "Neftçi”də işləyib. SOCAR rəhbərinin etibarını qazanan Musayev məhz bunun sayəsində heç kimin güvənmədiyi Süleymanovu "Neftçi”yə qoymuşdu ki, klubu nəzarətdə saxlasın. Musayev son günə qədər də imkanlarından maksimum yararlandı.
Süleymanovdan boş qalan postu bu gün Elnur Məmmədov tutubsa, bunu Musayevlə əks-cəbhədə olan "Zorro”nun növbəti həmləsi kimi qiymətləndirməliyik. Və Musayev bununla demək olar ki, böyük ölçüdə "zərərsizləşdirildi”. Artıq Elxan Məmmədovun "himayə”sinə keçən "Neftçi”nin yeni vitse-prezidentinin elə ilk gündəcə ozündən Amerika kəşf edib mətbuata internetlə cavab verməsi, sizcə, təsadüfdür? Ay hay...
Kamran Quliyevin "Sumqayıt”a prezident təyinatını yadınıza salın. Baş katib eyni addımı indi də Elnur Məmmədova atdırır. Məmmədov belə işlərdə o qədər "peşəkar”laşıb ki, kadrlarının bütün hərəkətlərinə müdaxilə və birbaşa nəzarət edir, onların vasitəsilə rəqiblərinə zərbələr endirir.
Lap elə məşhur filmdəki Zorro kimi...