
AZAL-ın hazırlığına 3 yeni futbolçu qoşulub. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, baş məşqçi Tərlan Əhmədovun istəyinə əsasən məşqdə aşağı yaş qruplarından da oyunçular iştirak edib.
Bunlar Əsgər Hüseynov, İsmayıl İbrahimli və Ümid Ümidovdur. Özü də bu "üçlük” hamı kimi bütün məşq prosedurunu keçib. Bu proses daimi xarakter daşıyacaq. Yəni hər həftə aşağı yaş qruplarından istedadlı uşaqlar əsas komandanın məşqlərinə cəlb olunacaq. Əhmədov bu yolla həmin yeniyetmə və gənclərin daha da "artıracağı”na inandığından, prosesin müvəqqəti yox, daimi olmasına qərar verib. Belədə hər həftə aşağı yaş qruplarından 2-3 perspektivlu futbolçu əsas komandanın ab-havasını duymuş olacaq.
Qeyd edək ki, AZAL Topaz Premyer Liqasının VIII turunda "Araz Naxçıvan”la qarşılaşacaq. "AZAL Arena"dakı məşqlər hər gün 2 dəfə olur. Səhər hazırlığı fiziki, axşam məşqi isə taktiki-texniki xarakterlidir. Bütün futbolçuların qatıldığı hazırlıqda artıq zədəsini sağaltmış Viktor İqbekoyi də iştirak edir.