1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Belə ədalətsizlikdən sonra baş məşqçini də anlamaq lazımdır" - MÜSAHİBƏ
"Sumqayıt" klubunun prezidenti Kamran Quliyevin Sportnet.az-a müsahibəsi
- Komandanızın baş məşqçisi Aqil Məmmədov "Qəbələ" ilə oyundan sonra hakimliklə bağlı kəskin iradlar səsləndirib. Klub olaraq, hansı addımı atmaq fikrindəsiniz?
- Biz oyundan sonra dərhal etirazımızı protokolda qeyd etdik. Etirazımız isə vurduğumuz ikinci qolun hesaba alınmaması ilə bağlı idi. İntizam Komitəsinin iclasında da bu məsələyə baxılacaq. Artıq neçənci dəfədir ki, Vüsal Əliyevin hakimliyi vaxtı ədalətsiz qərarlarla üzləşirik. 1 ay öncə "Bakı" ilə oyunda penaltimizi vermədi. Gah dedi görməmişəm, gah dedilər yan xətt hakimi görməyib. Mənim üçün bu, əsasdır. Necə ki, klubda nə baş verirsə məndən soruşulur, eyni zamanda baş hakim oyunu idarə edirsə, briqadasına cavabdehlik daşıyır. Keçən çempionatda da Vüsal Əliyevin işi ilə bağlı bizim narazılıqlarımız olub. Bu qədər vaxt gözlədik. Ancaq ilk dəfə olaraq protest yazdıq.
- Dediklərinizə əsasən, belə qənaətə gəlmək olarmı ki, Vüsal Əliyev "Sumqayıt"a qarşı qərəzlidir?
- Mən qərəz sözü istifadə etmirəm. Etmək də istəmirəm. Çünki rəsmi futbol məmuruyam. Qərəz o halda ola bilər ki, əlimdə fakt olsun. Əliyevin idarəçiliyindən narazıyam. O, mənə aid olmayan bir sualdır. Yəqin ki, Hakimlər Komitəsi bununla bağlı qərar qəbul edəcək.
- Ancaq özünüz qeyd etdiniz ki, Vüsal Əliyev neçənci dəfədir ki, sizin oyunda belə səhvlərə yol verir...
- Mən demirəm bütün oyunlarda. Elə matç olub ki, Vüsal Əliyevin səhvi olmayıb. Onun da səbəbini bilmirəm.
- Şikayətiniz nədən oldu?
- Səhv eləmirəmsə 73-cü dəqiqə idi, Məhəmməd Qurbanovun vurduğu qol hesaba alınmadı. Əsas bununla bağlıdır. Oyunda bütün epizodları görmürdük. Ancaq mətbuat xidməti artıq matçın videoçarxını hazırlayıb. Bütün informasiya saytlarında da olacaq. İlk hissədə qolu vurduqdan sonra hardasa 43-cü dəqiqədə rəqib komandanın futbolçusu Adrian Ropotan qolumuzun müəllifi Ramazan Abbasova qarşı idmançıya yaraşmayan hərəkət etdi, daha dəqiq desək, kəllə atdı. İnternetdə də baxa bilərsiniz, o epizod var. Mən məəttəl qaldım ki, 4-cü hakimin yanında olduğu halda, baş hakim gördüyü halda, heç sarı vərəqə də göstərmədi. Bir epizodda isə rəqib oyunçu Məhəmməd Qurbanova qarşı açıq-aşkar sürüşmə fəndi etdi, yenə sarı vərəqə vermədi. "Qəbələ"nin bir futbolçusu 45 dəqiqə ərzində 4-5 dəfə "fol" etdi. Ən azından xəbərdarlıq olmalı idi. Bir komandanın ardıcıl hərəkətlərinə heç bir xəbərdarlıq olmursa, artıq arxayınlıq yaranır. Bunlar futboldan kənar hərəkətlərdir.
- Oyundan sonra Aqil Məmmədov açıqlamasında deyib ki, "Qəbələ"ni təbrik etmirəm, qələbəyə layiq deyildilər. Bu nə dərəcədə "fair-play" prinsipinə uyğundur?
- Yaxşı sualdır, ancaq iki başlıdır. Biz ikinci qolu vursaq belə, "Qəbələ" üçünü vurmuşdu, yenə də qələbə qazanırdılar. Ola bilər ki, məşqçimiz emosiyaya qapılıb. İkinci qoldan sonra komandada əhval-ruhiyyə başqa olardı. O qol olsaydı, ən azından oyunun istiqaməti dəyişə bilərdi. Hardasa "Qəbələ"də ruh düşkünlüyü yarana bilərdi, qapımıza qol vurulmazdı. Arxayın hesabla bəlkə də qələbə qazana bilərdik. Buna görə, məsələ ikibaşlı sayılır. Belə ədalətsizlikdən sonra baş məşqçini də anlamaq lazımdır. Bəlkə də o mənada deyib ki, qol sayılsaydı, görüşdən 3 və ya 1 xal ilə ayrıla bilərdik. Amma qapımıza vurulmuş qollarda heç bir problem yoxdur, qaydalar çərçivəsində olub. Mən özüm şəxsən "Qəbələ"ni təbrik edirəm. Narazılığım "Qəbələ" klubu ilə deyil, ola da bilməz. Narazılıq hakimin işi ilə bağlıdır. Bu, mənim şəxsi deyil, klubun mövqeyidir.