"Bizim üçün çox yaxşı oyun alındı. Bura xal, qələbə qazanmaq üçün gəlmişdik. Çox yaxşı oynayaraq, vacib 3 xal qazandıq”. Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ" ilə Premyer Liqa matçından sonra jurnalistlərə açıqlamasında "Simurq”un futbolçusu Draqan Çeran deyib.
"Qəbələ” ilə oyunda vurduğu 2 qolla Zaqatala təmsilçisinə mühüm qələbə qazandıran hücumçu komandasının uğurunun daha vacib olduğunu bildirib: "2 qol vurmağım mənim üçün yaxşıdır. Amma əsas olan komandanın uğurudur".
Çeran "Qarabağ"la keçirəcəkləri növbəti tur qarşılaşmasından da danışıb: "Bizi vacib oyun gözləyir. "Qarabağ” bəlkə də Avroliqada Fransa "Sent-Etyen"i ilə səfər oyunundan sonra yorğun olacaq, bəlkə də yox. Amma əsas odur ki, biz öz meydanımızda oynayırıq və uğur qazanmağa çalışacağıq”.
Qeyd edək ki, "Simurq" "Qəbələ" ilə səfər matçından 3:2 hesablı qələbə ilə ayrılıb.